Rusiya Lentsovu geri çağırıb niyə Kulakovu Qarabağa göndərir?
    • 29-08-2023, 17:09
    • 259

Rusiya Lentsovu geri çağırıb niyə Kulakovu Qarabağa göndərir?

“Hesab edirəm ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Aleksandr Lentsovun general-mayor Kirill Denisoviç Kulakovla əvəz edilməsi Rusiya Müdafiə Nazirliyinin öz gedişidir”.

Bu sözləri News24.az-a millət vəkili Arzu Nağıyev deyib.

“Lentsov döyüşkən bir generaldır. O, daim döyüşlərdə olub, Əfqanıstan, Çeçenistan, Ukrayna, Suriyanı keçmiş bir hərbçidir. Onun daha çox döyüş ərazilərində istifadə edilməsi, zənnimcə, məqsədə müvafiq olardı. Vaxtilə onu məhz Qarabağa göndərməkdə, sülhməramlıların rəhbəri təyin etməkdə əsas məqsəd onun tərcümeyi halında məhz bu səhifənin də olması vacib bilinirdi. Kulakova gəlincə, o, tədris müəssisəsinin rəhbəri olub, daha çox hərbi elm xadimi kimi tanınıb. Onun əvəz olunması, artıq sülhməramlı missiyanın da nədən ibarət olduğunu bir daha öyrənmək, eyni zamanda düşünürəm ki, öyrətməklə bağlıdır”.

A. Nağıyev qeyd edib ki, Kulakov daha çox danışıqlar prosesində iştirak edə bilər: “Hesab edirəm ki, komandanlıq bu baxımdan belə bir qərar verib. Hər hansısa bir generalın yerinin dəyişdirilməsi o deməkdir ki, o ya öz üzərinə düşən missiyanı yerinə yetirə bilmir, ya da daha ciddi və başqa istiqamətdə istifadə olunmaq üçün geri çağırılır. Yəni bu rotasiya qaydasında deyil, müəyyən vaxt çatdıqda kimin harada istifadə olunmasından asılı olaraq məhz yerdəyişmə edilir.

Lentsov təyin olunanda ermənilər onun tərcümeyi-halını, ailəsində erməni millətindən kiminsə olmasını qabardırdılar. Lakin bütün deyilənlərə baxmayaraq bu, bariz şəkildə özünü göstərmədi. Hesab edirəm ki, Rusiya Müdafiə Nazirliyi bu qərarları özü verir. Biz Azərbaycan tərəfi olaraq Rusiyanın sülhməramlı qüvvələrinə kimin komandanlıq etməsindən asılı olmayaraq öz işimizi görürük. Sülhməramlılara kimin rəhbər gəlməsindən asılı olmayaraq daxili və xarici siyasətimizdən bizi döndərmək mümkün deyil”.

Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə general-mayor Kirill Denisoviç Kulakovun komandan təyin ediləcəyi ilə bağlı məlumat yayılıb. Qeyd edilir ki, sülhməramlılarln hazırkı komandanı Aleksandr Lentsov artıq Azərbaycanı tərk edib.

Akqabay