"Təxribatlar bundan sonra intensivləşəcək" - VİDEO - ÖZƏL
    • 1-09-2023, 17:27
    • 387

"Təxribatlar bundan sonra intensivləşəcək" - VİDEO - ÖZƏL

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur. Azərbaycan Müdafiə Nazirliyindən bildirildi ki,  bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür. Son günlər mövqeləri intensiv atəşə tutan ermənilər bu gün artıq artilleriyadan istifadə etməklə yanaşı sərhəddə ağır texnilakar cəmləşdirir.

Mövzu ilə bağlı News24.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, mütəmadi olaraq şərti sərhəddə atəşkəs hər zaman pozulur və təxribata əl atılır.

"Prinsipcə, burada təəccüblü heçnə yoxdur. Çünki tərəflər arasında sülh müqaviləsi bağlanmayıb. Bağlanmamağına səbəb isə Ermənistan tərəfidir. Onlar sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər"

Polkovnik qeyd etdi ki, beynəlxalq səviyyədə  hədəflərinə çata bilməyən düşmən, belə təxribatlara əl atır.

"Onlar istədilər ki, aclıq adı altında dünyaya oyun oynasınlar, amma Azərbaycan bu oyunu məhv etdi. Onların həqiqətən ərzağa ehtiyacı olsa idi Azərbaycanın yardımını geri qaytarmazdılar. Bu, bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi heç də Azərbaycanın daxilində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə gərginliyi azaltmaq yox, əksinə, çoxaltmaq və burada təxribat yaratmaq istiqamətində işlər aparır.  Hətta onlar siyasi oyunlarına Qırmızı Xaç Cəmiyyətini də daxil ediblər. Bu gülüncdür. Erməni tərəfi gördü ki, "yardım" adı altında oyunlarla diqəti öz üzərinə çəkə bilmir. Buna görə də, Zod Kəlbəcər istiqamətində, şərti sərhəddə təxribat törətdilər".

Ş.Ramaldanovun sözlərinə görə, onlar bu yolla diqqətləri üzərlərinə çəkmək istəyirlər.

"Bu, əlavə qüvvələri "oyuna" cəlb etmək üçün atılan bir addımdır.  Təbii ki, Azərbaycan tərəfi də adekvat cavablar verir. Azərbaycan Ordusu öz borcunu layqincə yerinə yetirir. Qarşı tərəfin prosesləri, addımları izlənilir və təhlil nəticəsində əlavə tədbirlər lazımdırsa, görülür. Azərbaycan hər zaman lazımi cavab vermək iqtidarındadır.Bu təxribatlar demək olar ki, bundan sonra da intensivləşəcək və bütün proseslər onu göstərir ki, bu regionda vəziyyətin gərginləşdirilməsində maraqlı olan qüvvələr artıq aktivliyə keçiblər və burada məhz münaqişənin alovlanmasında maraqlıdırlar".

Aydan