-
- 3-09-2023, 14:14
- 209
İƏT nümayəndə heyətinin Füzuliyə səfəri başa çatıb
Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Füzuli rayonuna səfəri başa çatıb.
News24.az "Report"a istinadən xəbər verir ki, qonaqlar ilk olaraq Qarabağ müharibəsi zamanı ermənilərin dağıtdığı Qaraxanbəyli məzarlığına baş çəkiblər. Ombudsman Aparatının əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonunun Qaraxanbəyli məzarlığında törədilən vandallıq aktı barədə qonaqlara məlumat verilib. Bildirib ki, Qaraxanbəyli kəndi birinci Qarabağ müharibəsində işğal olunub. İşğal müddətində qəbirlər dağıdılıb, meyitlər qəbirdən çıxarılaraq təhqir olunub, məzar daşları isə ərazidən daşınıb.
Səfərin davamında İƏT MDİHK nümayəndə heyətinin ikinci dayanacaqları məkan Mersinli kənd məscidi olub.
Qonaqlara məlumat verilib ki, Merdinli kəndindəki məscid Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid öz tarixi memarlıq üslubu ilə seçilib. Məscidin memarı Qarabağ ərazisində bir neçə məscidin, həmçinin Şuşa şəhərindəki Yuxarı Göhər Ağa məscidinin memarı olub. Məscid barədə qonaqlara məlumat verilərkən, işğal dönəmində ermənilərin burada mal-qara saxlayaraq tövlə kimi istifadə etmələri xüsusilə vurğulanıb. Məscidlərdə donuz və mal-qara saxlanılmasının isə ermənilərin azərbaycanlıların dini inancına qarşı yönələn nifrətdən irəli gəldiyi vurğulanıb.
İƏT MDİHK nümayəndə heyətinin üzvləri Füzuli rayonuna səfərləri zamanı işğaldan azad edildikdən sonra, inşa edilən Füzuli Beynəlxalq Hava Limanında da olublar.
Qonaqlara məlumat verilib ki, Füzuli işğaldan azad edildikdən sonra, Füzuli Beynəlxalq Hava Limanı minatəmizləmə işləri də daxil olmaqla 8 ay ərzində, müasir tələblərə cavab verən səvyyədə inşa edilib. O da qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə 3 beynalxaq hava limanı inşa edilib. Bunlardan 2-i - Füzuli və Zəngilan beynəlxalq hava limanlari istifadəyə verilib. Laçın beynəlxalq hava limanında isə son tamamlama işləri aparılır.
Qonaqlar Füzuli şəhərinin işğal zamanı ermənilər tərəfindən dağıdılmış mənzərəsi ilə də tanış olublar. Burada qonaqlara şəhər barədə ümumi məlumat verilib. Yer üzündən silinən şəhərdə əhalinin sayı, tikililəri və qədim abidələri barədə məlumat verilib.
İƏT MDİHK nümayəndə heyəti səfərlərinin yekununda 30 ildən sonra, işğaldan azad edilən Füzuli şəhərində inşa edilən evlərə köçürülən sakinlərlə görüş keçirib.