Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük müraciətini müzakirə edəcək
    • 4-09-2023, 23:27
    • 188

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük müraciətini müzakirə edəcək

“İsveçin NATO-ya daxil olması ilə bağlı müraciətinin müzakirə və təsdiq üçün Türkiyə parlamentinə verilməsi rəsmi Stokholmun Ankaranı narahat edən məsələlərin həlli üçün atdığı konkret addımlardan asılıdır”.

News24.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş “A Haber” telekanalının efirində deyib.

“İsveç müsbət hesab edə biləcəyimiz addımlar atır. Lakin hazırda bunun kifayət olub-olmamasına Xarici İşlər Nazirliyimiz və hökumətimiz qərar verəcək”, - o bildirib.

Türkiyə parlamentinin sədri qeyd edib ki, iki ölkə parlamentarilərinin danışıqların aparıldığı binanın 150 metrliyində terror təşkilatı üzvlərinin aksiya keçirməsi Ankara üçün qəbuledilməzdir.

“Biz bilirik ki, İsveçdə vətəndaşlarımızdan pul qoparan terror təşkilatları ilə əlaqəli qruplar var. Bu, bizim üçün çox həssas məsələdir. Biz xaricdəki bu cür silahlı qrupların hakimiyyət tərəfdən heç bir halda müdafiə olunmamasını tələb edirik”, - o söyləyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin Baş naziri Ulf Kristersson, NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa Şurasının sədri Şarl Mişel ilə təşkilatın 11-12 iyul tarixlərində Vilnüsdə keçirilən sammiti ərəfəsində apardığı məsləhətləşmələrdən sonra Türkiyə İsveçin NATO-ya qəbulu ilə bağlı vetosunu geri götürməyə razılaşıb. Stokholm Ankaranın terrorçu elan etdiyi təşkilatlara dəstək verməyəcəyinə və Aİ-yə üzvlük məsələsində ona hər cür köməklik göstərəcəyinə söz verib.