-
- 5-09-2023, 18:43
- 305
"Uşaqlar valideynləri cəzalandırmaq üçün...."
İntihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir. Səbəblərə psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması kimi halları aid etmək olar. Sözsüz ki, insanın harada yaşamasından asılı olmayaraq, onun üzləşdiyi problemlər, xüsusilə, sosial – psixoloji problemlər demək olar ki, eynidir. Tədqiqatlara əsasən, intiharın əsas səbəbinin depressiya olduğu deyilir. Amma depressiyadan əlavə ruhi və sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən sui-istifadə, bipolyar affektiv pozuntu, təşviş pozuntuları, posttravmatik stress pozuntusu, şizofreniya kimi hallar da intihara meyillilik yaradır.
Mövzu ilə bağlı News24.az-a açıqlama verən psixoloq Vəfa Əkbər bildirdi ki, yeniyetməlik dövrü ümumiyyətlə çətin dövrdür. Çünki o nə uşaqdır, nə böyükdür, nə gəncdir:
"Keçid dövründə həm fizoloji, həm psixoloji dəyişikliklər baş verir. Yeniyetmənin böyüməsi üçün lazımi şərait yaranmadığı halda, onun psixologiyası pozulur. Uşaqlar 13 yaşa qədər intihara meyilli olsalar belə, bu yaşda intihar edən yeniyetmələrin sayı azdır. Amma 14-15 yaş artıq yeniyetməliyin ən pik səviyyəsidir və intiharlar məhz bu yaşda rast gəlinir".
Psixoloqun sözlərinə görə, bəzən bunu uşaqlar valideynlərini cəzalandımaq üçün edirlər.
"Ümumiyyətlə, yeniyetmələrə xüsusi diqqətlə yanaşmalıyıq. Dərinliyinə getsək, bəlkə də görərik ki, o özünü öldürmək yox, sadəcə valideyninə cəzalandırmaq istəyir. Çünki özünün valideyninin gözündə nə qədər dəyərli olduğunu görmək istəyirlər. Bunun üçün valideynlər çox ayıq olmalı, uşaqlarını tanımalı və onlarla ünsiyyət saxlamalıdırlar. Əks təqdirdə intiharlar qaçılmaz olacaq. Əgər ailədə problem varsa, artıq mühitdə baş verən hər hansısa bir toqquşma onun əsəb sinir sistemini pozur, həyat motivasiyasını sıfıra endirir və nəticədə depressiyaya düşür, depressiyaya düşmüş yeniyetmə isə affekt vəziyyətində olur. O, bir neçə dəqiqə çəkir və intihar etmə ehtimalı daha da çox artır. Valideynlərin bəzən öz problemlərinə başları o qədər qarışır ki, unudurlar ki, evdə diqqət görmək istəyən, sakitliyə ehtiyacı olan yeniyetmə var",- deyə o vurğuladı.
Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki,intihar hadisəsində bir neçə amil mühüm rol oynayır.
"Onlardan biri gənclərin psixoloji vəziyyətidir. Çox təəssüf ki, son vaxtlar Azərbaycan ailələrində gərginlik olduqca çoxalıb. Təsəvvür edin ki, yüz nikaha qarşı , otuzdan artıq boşanma varsa, bu o deməkdir ki, o ailələrdə gərginlik çoxdur. Bu zaman da zərərçəkən tərəf uşaqlar olur".
Sosioloqun sözlərinə görə, insanın davranışına təsir edən 4 mühüm amil var.
"Biri insanın öz psixoloji durumudur. Hər bir adam özünü intihar etmək və ya başqasını öldürmək psixologiyasına malik deyil. İkincisi isə güclü təsir edən mühitdir. Üçüncü mühüm məsələ insanların üstünlük verdiyi dəyərlərdir. Hansı insanlar ki, mənəvi dəyərlərə çox üstünlk verir, onların həyatında bir ahəng yaranır. Onlar özünə qəsdə meyilli olmur. Gənclərimiz indi faydasız informasiyalar alırlar. Müəyyən cəmiyyət, təşkilatlara qoşulurlar. O biri tərəfdən intihara səbəb olan əsas amillərdən biri şəxsin özünü təsdiqi və sabaha inam məsələsidir. Bizim təhsil sistemimizin də elədir ki, uşaqlarda özünə inam hissi çox zəifdir. Biz şərait yaratmalıyıq ki, yeniyetmələr, gənclər özlərini təsdiq edə bilsinlər".
Ekspert sonda qeyd etdi ki, intihardan qaçılmanın ən əsas yolu valideynin övladı ilə daima ünsiyyətdə olmasıdır. Ünsiyyət qurmadıqca onları uçuruma aparırıq. İnsanın hava, suya ehtiyacı olduğu kimi, ünsiyyətə də ehtiyacı var. Bu bir psixoloji təlabatdır.
Aydan