Evi 3 adama satdım - İt sümüyü yandırıb öldüyünü deyən şirkət müdiri
    • 5-09-2023, 17:51
    • 2 158

Evi 3 adama satdım - İt sümüyü yandırıb öldüyünü deyən şirkət müdiri

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etdiyi üçün avtomobilini içərisinə heyvan sümiyi yığaraq yandırıb özünün öldüyünü elan edən şirkət rəhbəri Rafət Qəniyev on cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rəhman Rəhmanov ifadə verib. O bildirib ki, evini 3 nəfərə satıblar: "2012-ci ildə Yasamal rayonunda ev almışdım. Bir neçə aydan sonra məlum oldu ki, evimi satıblar. Mənim evimin orderini başqa adam göstərdi mənə. Amma evdən çıxmadım evdən. Polisə müraciət edəndə bildim ki, 38 nəfərə satıblar. Mən evimdə yaşaya-yaşaya, məndən soruşmadan evimi ipotekaya salıb satıblar. Mənim evimin orderini versinlər, çıxım gedim. Rafət mənim evimi sata bilməz. Bu onun başı üçün deyil, ona kimsə kömək edib, o da satıb". 

Zərərçəkmişin ifadəsinə münasibət bildirən təqsirləndirilən Rafət Qəniyev qeyd edib ki, Rəhman Rəhmanovun evini həqiqətən 3 adama satıb: "Mənzil 37 nömrəli idi. Onu dəyişib 38 edib satdım". 

Digər zərərçəkmiş Firudin Əhmədzadə bildirib ki, 2010-cu ildə Yasamal rayonundan ev alıb: " Həmin vaxtdan da evdə qalıram. Keçən il prokurorluq dedi ki, sənin evini satıblar. Amma bu vaxta qədər heç kim gəlib məno narahat etməyib. Hazırda da həmin evdə yaşayıram".

Proses sentyabrın 10-da davam edəcək. 

Xatırladaq ki, 2021-ci il noyabrın 25-də Sabirabad rayon prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.

Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.

Sabirabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Samir Əli