430 il əvvəl görülən komet YERƏ YAXINLAŞIR
    • 7-09-2023, 11:47
    • 185

430 il əvvəl görülən komet YERƏ YAXINLAŞIR

Son dəfə 430 il əvvəl kosmosun dərinliklərində görülən Nişimura kometi  bu həftə sonu və ya gələn həftə Yer kürəsinin çox yaxınlığından keçəcək.

News24.az xəbər verir ki, bu barədə astronomlar xəbərdarlıq ediblər.

Bir kilometr uzunluğunda olan kometin dünyaya təxminən 125 milyon kilometr məsafədən keçəcəyi gözlənilir.

Astronomlar ulduzun Şimal yarımkürəsində Günəş çıxmazdan 1-1.5 saat əvvəl son dərəcə sönük olsa da, gözlə görülə biləcəyini deyirlər.

İtalyan astronom Canluka Masi bildirib ki, kometi Günəşin parıltısında itməzdən əvvəl görmək üçün son şansdır.

Masi qeyd edib ki, Günəşlə qarşılaşmadan yayınsa, sentyabrın sonunda komet Cənub yarımkürəsində qaranlıq üfüqdə görünə bilər.

Müşahidəçilər yapon həvəskar astronomu Hideo Nişimura tərəfindən avqustda kəşf edilən nadir yaşıl kometi izləyirlər. Kometin adı da buradan gəlir.

NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqat Mərkəzinin (CNEOS) direktoru Pol Çodas insanların kometi görmək üçün yaxşı durbinlərə ehtiyaclarının olduğunu və hara baxacaqlarını bilmələrinin lazım olduğunu söyləyib.

Çodas güclü teleskoplarla aparılan bütün peşəkar səma araşdırmalarını nəzərə aldıqda, həvəskar astronomun kometi kəşf etməsinin qeyri-adi olduğunu deyib.

Kometin son dəfə təxminən 430 il əvvəl görüldüyünü bildirən Çodas bunun Qalileo Qalileyin teleskopu icad etməsindən təxminən 10-12 il əvvələ təsadüf etdiyini vurğulayıb.


Ayşən