"Ermənistan özünü mina terrorunun memarı kimi təsdiqləyib" - Ekspert
    • 11-09-2023, 15:43
    • 244

"Ermənistan özünü mina terrorunun memarı kimi təsdiqləyib" - Ekspert

Azərbaycan Müdafiə Nazirliyi son günlərdə Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi intensiv hal alıb. Bununla da ermənilər Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir.

Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, böyük qayıdışın qarşısını almaq üçün ermənilərin istifadə etdiyi məkrli addımlardan biri vaxtilə işğal olunmuş  ərazilərimizdə, tək kommunikasiya xətlərinin ətrafında deyil, eyni zamanda azərbaycanlılar üçün müqəddəs olan qəbiristanlıqlarda və digər istiqamətlərdə minaların basdırılmasıdır.

"Mənfur düşmənin məqsədi  ondan ibarətdir ki, nəyin bahasına olur olsun, insanlarımız bura qayıtdıqda problemlər, partlayışlar baş versin. Eyni zamanda mina təmizlənməsi çox bahalı və vaxt aparan bir məsələdir. Biz dəfələrlə beynəlxalq səviyyədə müraciətlər etmişik, lakin buna baxmayaraq, Azərbaycan bunun öhtəsindən gəlməyi bacarır"

Millət vəkili qeyd etdi ki, minalardan təmizlənmiş ərazilərdə kommunikasiyalar bərpa olunur və bizim vətəndaşlar öz ata baba yurdlarına qayıdırlar.

"Təbii ki, bu, ağır bir prosesdir. Bu gün əgər doğrudan da müəyyən diversiya qrupları minaları basdırırsa, bu, əsasən sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərdə ola bilər. Təbii ki, bu gün Azərbaycan ordusu ciddi nəzarət edir və onun qarşısını almaq istiqamətində addımlar atır. Amma yenə də təhlükə sovuşmayıb.  Böyük qayıdışın ən vacib şərti ərazilərin minadan təmizlənməsidir. Ermənilər həm öz istehsalı olan, həm də vaxtilə xaricdən gətirilmiş minaları basdırırlar.  Bu gün ermənilər bilirlər ki, nəyin bahasına olur olsun, Azərbaycan Qarabağda mütləq şəkildə sülhü bərqərar edəcək".

Hərbi ekspert Ədalət Verdiyev isə bildirdi ki, Ermənistan artıq özünü mina terrorunun memarı kimi təsdiqləyib.  

"Bu terror son 30 ildən artıq müddətdə fasiləsiz olaraq Azərbaycana qarşı davam edir. Son dövlərdə həm rusların müvəqqəti yerləşdiyi ərazilərdə, həm də Azərbaycanın Ermənistanla şərti sərhədində erməni silahlı dəstələri tərəfindən yeni minalar ərazilərimizə basdırılmaqdadır. Bu günə qədər artıq 307 Azərbaycan vətəndaşı ermənilər tərəfindən yerləşdirilən minalarda yaralanıb və ya həyatını itirib.  Azərbaycanın hüquq mühafizə orqanları ərazilərimizin minalardan təmizlənməsinə, bu minalardan zərər çəkən şəxslərə ödənilən maddi vəsaitləri və digər bütün xərclərini nəzərə alaraq bu kompensasiya məbləğini Ermənistan tərəfindən Azərbaycana ödənilməsinə nail olmalıdırlar. Digər tərəfdən isə minaların döşənməsinə aid faktlar və ya görüntülər əldə olunduğu halda bu fəaliyyətləri həyata keçirən heyət tam tərkibdə məhv edilməlidir ki, Ermənistan tərəfi Azərbaycanın bu məsələdə qərarlılığını anlamış olsun"

Aydan