Ucar icra hakimiyyəti niyə 6 manatlıq saata AÇIQLAMA VERMİR?
    • 12-09-2023, 14:30
    • 250

Ucar icra hakimiyyəti niyə 6 manatlıq saata AÇIQLAMA VERMİR?

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü zamanı onlara verdiyi hədiyyədir. Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, icra başçısının təqdim etdiyi hədiyyə saatının qiyməti 5 manat 80 qəpikdir. Təbii ki, bu da sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına və iradına səbəb olub.

News24.az  bildirir ki, İcra hakimiyyətinin şöbə müdiri Məhəmməd Bayramov Bizim.Media-ya danışıb. O açıqlamasında bildirdi ki, hədiyyənin qiymətinin önəmi yoxdur:

“Hədiyyə hədiyyədir. Lakin, hədiyyənin qiyməti barədə məndə dəqiq məlumat yoxdur. Yaxşı olar ki, başçının köməkçisi ilə əlaqə saxlayasınız”.

İcra başçısının köməkçisi Vüqar Umudov isə məsələ ilə bağlı danışmaq istəmədi:

“Mən xəstəxanadayam, danışa bilmirəm. İndi mən Məhəmməd Bayramova deyirəm, o sizə zəng edib ətraflı məlumat verəcək”.

Daha sonra Məhəmməd Bayramov telefon zənglərimizə cavab verməyib.

Beləliklə, icra başçısının köməkçisinin və şöbə müdirinin faktı inkar etməməsi yayılan xəbərin doğruluğuna işarədir.

Qeyd edək ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən 676 məzundan 253 nəfəri ali məktəblərə qəbul olub. Onlardan 27 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb.