Prezident İlham Əliyev: “Yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq” - FOTO
    • 14-03-2019, 14:00
    • 847

Prezident İlham Əliyev: “Yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq” - FOTO

Xəbər verdiyimiz kimi, bu gün işə başlayan VII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev də iştirak edib. 

News24.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı Forumda nitq söyləyib. 
Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb. Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazir müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

Yeddinci Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq Forumun əhəmiyyətini vurğulayıb. Dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri müzakirə etmək imkanı baxımından Bakı Forumunun çox vacib tədbir olduğunu deyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib.
Azərbaycan Prezidenti İlham Əliyev Forumda nitq söyləyib.

Dövlətimizin başçısı Forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb. Forumda dünyanın nəhəng intellektual potensialının cəmləşdiyini deyən Prezident İlham Əliyev bunun tədbirin miqyasını təcəssüm etdirdiyini, Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu diqqətə çatdırıb.
Azərbaycanın xarici siyasətindən danışan dövlətimizin başçısı bildirdi ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”, - deyən Prezident İlham Əliyev Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərməyə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırlatdı. Dövlətimizin başçısı bildirdi ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”, - deyən Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirdi və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğuladı ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan “Bakı Prosesi”nin əhəmiyyətinə yönəltdi, “Bakı Prosesi”nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətini dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəltdi, bu ideyanın dünyada təbliğ edildiyini vurğulayıb. “Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər”, - deyən dövlətimizin başçısı Azərbaycanın gənc, müstəqil ölkə olmasına baxmayaraq, beynəlxalq təşkilatların dəstəyini qazandığını bildirib. Ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfəsini qeyd edən Prezident İlham Əliyev nəqliyyat və enerji layihələrimizdən danışdı, həmin layihələrin beynəlxalq əməkdaşlığın mühüm hissəsi olduğunu dedi, bu istiqamətdə reallaşdırılan layihələrin ölkələri daha da yaxınlaşdırdığını, əməkdaşlıq üçün yeni körpülər saldığını, enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğulayıb.

Dövlətimizin başçısı Forumun işinə uğurlar arzulayıb.