Kamran Əliyev mühüm görüş keçirdi - FOTO
    • 14-09-2023, 12:26
    • 149

Kamran Əliyev mühüm görüş keçirdi - FOTO

Bakıda keçiriləcək MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurası və İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyətləri ölkəmizə işgüzar səfərə gəlib. 

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 Azərbaycan Respublikasının Baş prokuroru ilə nümayəndə heyətinin rəhbərləri - İqor Malaşeviç və Vladimir Zimin arasında baş tutan ikitərəfli görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi, təşkilata üzv olan dövlət arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri üzrə müzakirələr aparılıb. 

Baş prokuror Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində aktiv iştirak etdiyini, ölkəmizin bir çox postsovet ölkələri ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr qurduğunu bildirərək, bu əlaqələrin təşkilat çərçivəsində də davam etdirilməsinin qarşılıqlı etimadın artmasına müsbət təsir göstərdiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən  İqor Malaşeviç və Vladimir Zimin    MDB-nin Baş katibi Sergey Lebedevin salamlarını çatdırıblar. Onlar təmsil etdikləri qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycanın təşkilatın fəaliyyətində fəal iştirak etməklə daim təşkilatın işinə öz töhfəsini verdiyini  bildiriblər. 

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin səmərəliliyi üzrə faydalı fikir mübadiləsi aparılıb.