"Bank Respublika" müştərinin problemini niyə həll etmir?
    • 15-09-2023, 19:00
    • 487

"Bank Respublika" müştərinin problemini niyə həll etmir?

Xaricdə yaşayan "Bank Respublika"nın azərbaycanlı müştərisi Əflatun Əliyev laqeyd münasibətdən şikayətçidir. 

Bu barədə  News24.az-a şikayətçi özü məlumat verib. 

Belə ki, "Bank Respublika"nın müştırisi olan həmin adamın kartına Azərbaycandan pul yükləndikdən sonra müxtəlif məbləğlərdə pul çıxarılır. Sonra şikayətçiyə “Zara” və digər brendlərdən alış-veriş edildiyi barədə bildiriş gəlir. Ə.Əliyev son 3 ayda bu halla bir neçə dəfə qarşılaşıb. 

Şikayətçi kartı yeni aldığını və heç bir onlayn alış-veriş etmədiyini deyir. Şəxs banka bir neçə dəfə şikayət etsə də, heç bir tədbir görülmədiyini də iddia edir:

"2-3 ay əvvəl kartımdan heç bir yerdə istifadə etmədən pul çəkildiyinin fərqinə vardım. Kartı təzə almışam və heç vaxt onlayn alış-veriş üçün istifadə etməmişəm. Sonuncu dəfə kartıma 1200 manat yükləndikdən sonra növbəti gün kartımdan 2 dəfə 220 və 246 manat məbləğində pul çıxarılıb. Banka müraciət etsəm də, heç bir tədbir görülməyib". 

İddialarla bağlı Bank Respublika ilə əlaqə saxladıq. 

Bankdan News24.az-a bildirildi ki, hadisə ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək:

"Bank olaraq bizim müştəri haqda heç bir məlumat vermək hüququmuz yoxdur. Amma araşdırma aparıb müştərimizlə əlaqə saxlayacağıq.  Bellə hallarda Bank Respublika çox zaman müştəriyə vəsaiti qaytarır. Sadəcə olaraq araşdırma vaxt aparır".

Qumral Əliyeva