Yeni nəsil mühəndis hazırlığına start verildi - FOTO

Yeni nəsil mühəndis hazırlığına start verildi - FOTO
SOSİAL

Baxış: 156 \ Tarix: 18-09-2023, 19:36

Mətn ölçüsü

Azərbaycan Texniki Universitetində (AzTU) yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına start verildi. Bununla bağlı keçirilən görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədov, Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) proqram rəhbəri Görkem Şimşek və hər iki ali məktəbin rəhbər şəxsləri iştirak edib.

Qeyd olunub ki, “AzTU-Turkish Aerospace, MGP 2023.1” adlı proqram bu sahədə zəngin təcrübə və resursa malik TUSAŞ-ın xüsusi təcrübə proqramı əsasında həyata keçirilir.

Layihə əsaslı açıq rəqabət öyrənmə-öyrətmə modelinə söykənən proqramın hazırlığında əsas mərhələ AzTU-nun 2022-ci ildə CDIO universitetlər ailəsinə qoşulması ilə başlayıb. Layihələndirmə, simulyasiya, prototipləndirmə və istehsal zənciri həlqələrini əhatə edən proqram konstruktiv dizayn, konstruktiv təhlil, uçuş elmləri, avionika/proqramlaşdırma istiqamətləri üzrə həyata keçirilir. Bölmələrin əsas hissəsini (60%) konstruktur dizayn və təhlil istiqamətləri əhatə edir. Qeyd edək ki, sözügedən istiqamət mühəndis hazırlığı üzrə universitetlərdə CAD/CAE/CAM üzrə proqram təminatlarının yüksək keyfiyyətli tədrisi ilə uyğunluq təşkil edir.

AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin koordinatorluğu ilə həyata keçirilən proqramda baza təhsilləri aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s. istiqamətlər olan namizədlər iştirak edir.

Layihənin sonunda iştirakçılara sertifikat təqdim olunacaq. Proqramı uğurla başa vuran 10 iştirakçı isə TUSAŞ-da təcrübəyə göndəriləcək və MGP proqramının təlimat heyətinə daxil ediləcək.