"Rusiya bunu Ermənistana bağışlamayacaq" - Ekspert
    • 3-10-2023, 16:04
    • 469

"Rusiya bunu Ermənistana bağışlamayacaq" - Ekspert

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qiyabi həbs qərarı çıxarıb. Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin bu ölkə ərazisinə səfəri mümkün olmayacaq.

Rusiya XİN Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacağını bəyan edib. Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

Mövzu ilə bağlı News24.az-a münasibət bildirən hərbi-siyasi ekspert Telman Qasımov qeyd edib ki, bu, Ermənistanın rəsmi olaraq Rusiyadan üz çevirməsinin bariz nümunəsidir.

“Bu, birbaşa Rusiya-Ermənistan arasında onsuzda yaranmış problemləri bir daha artıracaq. Lavrov və Peskovun bu barədə açıqlamaları  bir qədər azdırıcı ifadələrdir. Lakin Rusiya dəfələrlə Ermənistana xəbərdarlıq edib ki, məsələ öz həllini tapmasa, cəzalandırılacaq.Yaxın zamanlarda vəziyyətin getdikcə ağırlaşacağını müşahidə edəcəyik”,- o deyib.

Ekspert hesab edir ki, Rusiya bunu Ermənistana bağışlamayacaq. 

“Ermənistan tezliklə bu addımının ağrı-acısını yaşayacaq. Bu baxımdan qəbul edilən qərar gələcəkdə regionda Azərbaycanın maraqlarına və gücə çevrilməsinə təkan verəcək. Ermənistan qərarı son zamanlar Qarabağda müşahidə edilən proseslərlə əlaqələndirməyə çalışırlar. Rusiya təbii ki, sıradan bir ölkə deyil. Bu səbəbdən Rusiya Ermənistanın orientasiyasını dəyişərək Qərbə yönəldiyini yaxşı bilir”, - deyə T.Qasımov fikrini yekunlaşdırıb.

Ayşən