-
- 4-10-2023, 16:50
- 358
"Araikin Gəncə terrorunun ildönümündə həbsi tarixi baxımdan çox əhəmiyyətlidir" - Politoloq
“Araik Arutyunyanın Gəncə terrorunun ildönümündə həbs edilərək Bakıya gətirilməsi tarixi ədalətin öz yerini tutması baxımından əhəmiyyətlidir”.
Bu sözləri News24.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, Gəncənin raketlə vurulması əmrini verən şəxsin terror hadisəsinin ildönümündə qandallanaraq Bakıya gətirilməsi Azərbaycan tarixində erməni separatizminə qarşı mübarizənin simvollik təqvimlərindən biri olacaq: “Araik bu tarixdən öncə və ya sonra da həbs edilə bilərdi. Lakin bu təqvim simvolik məna daşıyır. O, müharibə cinayətləri törədib, mülki əhaliyə qarşı terror aktı həyata keçirib. Arutyunyan birdən çox maddə üzrə ittiham edilir. O, şübhəsiuz ki, ən ağır cəzaya məhkum ediləcək. Araikin ömürlük həbs cəzasına məhkum edilməsi istisna edilməməlidir. Onun törətdiyi cinayətləri topladıqda ölüm hökmünə məhkum ediləcəyini söyləmək olar. Bütün bunlar hüquqi müstəvidə aydın olacaq”.
Ekspert qeyd edib ki, Azərbaycanın Qarabağda antiterror tədbirlərindən sonra separatçıların “lider”lərinin həbsi gözlənilən idi: “Onlar anlayırdılar ki, Azərbaycanın siyahısında adları var və Qarabağdan çıxmaq üçün “Laçın” postundan keçməlidirlər. Ona görə də Xankəndidən çıxmadılar və ümid edirdilər ki, danışıqlar aparılacaq və Rəsmi Bakı onların Ermənistana keçməsinə icazə verəcək. Lakin Azərbaycan həmin şəxsləri bağışlaya bilməzdi. Antiterror tədbirləri ilə erməni separatizmi Qarabağda məhv edildi. Bundan sonra həmin şəxslərdən biri yaxud bir neçəsi Azərbaycanı tərk etdikdən sonra Ermənistanda qondarma “artsax” ideologiyasını davam etdirə bilərdi. Təbii ki, bu cür əsassız iddialar yenə olacaq, ancaq hesab edirəm ki, sparatçıların bütün “liderlər”inin saxlanılaraq Bakıya gətirilməsi həm də həmin ideologiyaya ciddi zərbə vurdu”.
Asif Nərimanlı hesab edir ki, separatçıların “lider”lərinin saxlanılaraq Bakıya gətirilməsi həm də Azərbaycana qarşı erməni separatizminin perspektivinin sıradan çıxarılmasına hesablanmış bir addımdır: “Onlar azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərdir və həbslərinin alternativi olmamalı idi. Bako Saakyan özü çox yaxşı bilir ki, işğal dövründə separatçılara rəhbərlik edib, atəşkəsin pozulması vaxtı əsgərlərimizin şəhid olmasında əli olan, Azərbaycan qanunlarının pozulması, suverenliyimizə, milli və dövlət təhlükəsizliyimizə qarşı ciddi təhdid yaratmış şəxsdir. Arkadi Qukasyan da eyni məsələlərdə ittiham edilir. Bununla bağlı faktlar var, ona görə də həbsdən başqa alternativ yoxdur”.
Ekspert vurğulayıb ki, həbs olunanların arasında ən vacibi Araik Arutyunyanın məsələsidir. Onun sözlərinə görə, Arkadi Qukasyan və Bako Saakyan da müharibə cinayətləri törədib, amma Araik Arutyunyanın müharibə cinayəti daha açıq və çoxdur: “O, 44 günlük müharibə zamanı terror aktlarının törədilməsinə, mülki obyektlərin vurulmasına birbaşa rəhbərlik edib. Müharibə vaxtı mülki yaşayış məntəqələri Ermənistan hakimiyyətinin göstərişi ilə vurulub. Lakin mülki əhalinin hədəf alınması planlarının icraçısı Araik Arutyunyan idi. Onun Gəncə ilə bağlı açıq etirafları var. Araik etiraf edir ki, Gəncənin vurulması ilə bağlı əmri o verib”.
Asif Nərimanlı qeyd edib ki, əli günahsız azərbaycanlıların qanına batmış cinayətkarların qandallanaraq Bakıya gətirilməsi ilə Azərbaycan dövləti öz suverenliyinə və ərazi bütövlüyünə qarşı heç bir addımı qəbul etməyəcəyini göstərdi: “Azərbaycana qarşı soyqırımı cinayətlərində iştirak etmiş şəxslər cəzalandırılacaq. Bu, həm də bütün cinayətkarların cəzalandırılacağı mesajıdır”.
Akqabay Mıradov