"Düşünmürəm ki, HƏMAS çökəcək" - Politoloq
    • 13-10-2023, 13:24
    • 261

"Düşünmürəm ki, HƏMAS çökəcək" - Politoloq

İsrail hərbçiləri BMT-yə xəbərdarlıq edib ki, Qəzza zolağının şimal hissəsinin 1,1 milyon sakini 24 saat ərzində evlərini tərk etməlidir.

BMT isə İsraili mövcud vəziyyəti fəlakətə çevirməmək üçün əmrini ləğv etməyə çağırıb:“BMT belə bir köçürmənin baş verməsini qeyri-mümkün hesab edir”.

Bu xəbərdarlığı İsrailin qurudan Qəzzaya girmək istəyi kimi qiymətləndirmək olar?

Qeyd edək ki, İsrail ötən gün qüvvələrinin Qəzza zolağında quru əməliyyatına hazırlaşdığını, lakin belə bir hücumla bağlı heç bir qərar verilmədiyini bildirib. İsrail girovlar azad edilənə qədər Qəzzanın mühasirəsinə son qoymayacağına söz verib.

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Natiq Miri bildirib ki, İsrailin Qəzza zolağında quru əməliyyatlara başlaması artıq an məsələsidir.

“Bununla bağlı bir çox istiqamətdə hazırlıqlar bitib. Bu yöndə Netanyahu məsuliyyəti Milli Birlik höküməti ilə bölüşdü. Bu ağır məsuliyyətin altına girmədi, çünki indiki vəziyyətdə Netanyahunu İsrail xalqı, yəhudilər ittiham edirlər. Bütün bunların səbəbkarı kimi baş naziri günahlandırırlar. Ona görə də milli birliyin təmini üçün sözügedən birlik yaradıldı. Paralel olaraq hərbi hazırlıqlar görülür. Bu əməliyyatları fasiləsiz davam etdirmək üçün bəzi hərbi yardımlara ehtiyacı var. Bununla bağlı ABŞ-a müraciət olundu. ABŞ ildırım sürətilə silahları İsrailə göndərdi. Söhbət strateji silahlardan, havadan və raket hücumlarından müdafiə silahlarından, artilleriya sursatlarından gedir. Eyni zamanda Aralıq dənizinin şərq hissəsinə hərbi donanmalar göndərildi.  Bunlar çəkindiricilik xarakteri daşıyır. Başqa müsəlman dövlətləri prosesə müdaxilə etsələr bu, onlar üçün önləyici olsun. Bu faktın özü də göstərir ki, İsrail yaxın zamanda Qəzza zolağında quru əməliyyatlara başlayacaq. Gələcəkdə beynəlxalq səviyydədə etirazlarla qarşılaşmamaq üçün bu üsula əl atır”, - o deyib.

Politoloq hesab edir ki, İsrail quru əməliyyatlara başlamadığı müddətcə HƏMAS-ı və bu kimi terror qruplaşmalarını zərərsizləşdirə bilməz: “Əslində bu, o qədər də asan məsələ deyil. Kimlərsə əməliyyat nəticəsində HƏMAS-ın çökəcəyini düşünür. Lakin mən belə hesab etmirəm. Ortada ciddi dirənişlər, itkilər olacaq. Bu, çox can alacaq və qan su yerinə axacaq. Ehtimal ki, Hizbullahın iştirakını görəcəyik. Eyni zamanda İranın Suriyada proksi qüvvələri var, onların konkret raket zərbələrini də müşahidə edəcəyik. Yəni İsrail bir neçə istiqamətdə müharibə aparmaq məcburiyyətində qalacaq”.

Ayşən