Cahangir Hacıyev məhkəməyə gətiriləcək
    • 16-10-2023, 15:19
    • 298

Cahangir Hacıyev məhkəməyə gətiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.  Təqsirləndirilən şəxs Azad Cavadov bildirib ki, 9 nəfərin adına kredit rəsmiləşsə də, həmin şəxsləri tanımır: 9 nəfəri tanımıram .

Mənə Beynəlxalq Bankdan zəng vurdular ki, zavodun adına kredit ayırırıq, özümüz də ödəyəcəyik. Başqa heç nə demədilər.  Mən həbs olunanda bilmişəm ki, o kreditlər ödənilməyib. 

Prosesdə ifadə verən digər təqsirləndirilən şəxs Dünyamin Xəlilov bildirib ki, o heç bir mənimsəməyə yol verməyob: " Kamal Abbasovun adına rəsmiləşdirilən  405 min manat kreditdən xəbərim yoxdur. Kamal Abbasov özü banka gedib krediti rəsmiləşdirib. Mən həbs olunanda məlumatım olub ki, həmin şəxslər mənim adıma kredit götürüb. Sonradan maraqlandım ki, həmin şəxslər kredit müqaviləsi imzalasalar da onlara kredit verilməyib. Sadəcə onlar imza atıb çıxıb gediblər". 

Prosesdə ifadə verən şahid Rauf Şahbazov bildirib ki, Azad Cavadovla 1998-ci ildən dost olub: "Mənə dedilər ki banka gəlib qol çəkmək lazımdı, sizin adınıza kredit götürürük. 750 min və 55 min manata qol çəkmişəm. Azad dedi ki, get qol çək, narahat olma. Mən də getdim götürdüm. Azad Cəfərova qardaşım kimi inanmışam. Ona görə mən də ianndım. Biz kasıblığın dostu olmuşuq".

Hakim yerində müşavirə keçirib qərar qəbul edib. Qərara görə, Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev məhkəməyə gətirilsin. 

İş üzrə növbəti məhkəmə prosesi noyabrın 13-də davam etdiriləcək. 

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir ki, istintaqla Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib . 

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkmələri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilmədən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.

Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.

Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.

Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.

Dünyamin Xəlilov Bakıda tanınmış "Globus Plaza"nın sahibi olub. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi idi. Cahangir Hacıyevə məxsus "Şəki Bazarı" və "Şəki Ət Kombinatı" ASC-ni uzun müddət Xəlilov idarə edib. 

Samir Əli