“Diqlas”ın yanğınından zərərçəkənlər, dəhşətli tüstü, helikopter səsi... Bir də yanğından borclu çıxanlar.... – REPORTAJ – FOTOLAR - VİDEO
    • 26-03-2019, 18:47
    • 1 848

“Diqlas”ın yanğınından zərərçəkənlər, dəhşətli tüstü, helikopter səsi... Bir də yanğından borclu çıxanlar.... – REPORTAJ – FOTOLAR - VİDEO

Bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonunda yerləşən, məşhur “Diqlas” Ticarət Mərkəzində başlanan yanğında ən çox zərər mağaza sahibkarlarına dəyib. 

News24.az hadisə yerindən reportaj hazırlayaraq, zərər görənləri də danışdırıb. Əlacsız şəkildə baş verənləri kənardan izləyən sahibkarlar nə edəcəklərini bilmirdilər. Hadisə yerində olduğumuz zaman təxminən 1000-ə yaxın dükan sahibinə xeyli sayda ziyanın dəydiyini öyrəndik. Onlarla söhbət edərkən sahibkarlar hadisə yerindən heç bir mallarını çıxara bilmədiklərini açıqladılar. 

Yanğın səhər saatlarında olduğu üçün sahibkarlar “Diqlas”da olmayıblar. Hələ ki, yanğın zamanı dəymiş ziyanın miqdarı dəqiq müəyyənləşməyib. Daha çox ticarət mərkəzində yerləşən bahalı qızıl, geyim, gəlinlik, gözəllik salonları yanıb. Mağazalardan heç bir mallar çıxarılmayıb. Qəribə burasındadır ki, yaxınlıqda yerləşən “Lotos” Ticarət Mərkəzinin də sahibkarlarına mallarını da çıxarmağa icazə verilməyib. Yalnız qızıl dükanlarının sahiblərinə icazə verilib ki, qızıl-zinət əşyaları çıxarılsın. Bu da qızılların oğurlanmaması üçün atılan ilkin addım olub. 

Hadisə yerində olduğumuz zaman ciddi miqdarda zərər görən sahibkarların rəsmilərlə görüşünə belə icazə verilmədi. Hətta bir necə sahibkar Fövqəlada Hallar naziri Kəmaləddin Heydərovla görüşüb, yaranmış xoşagəlməz olayla bağlı onları maraqlandıran suallara cavab almaq istəsələr də icazə verilməyib. Bu səbəbdən polislərlə sahibkarlar arasında yaranan insident zamanı bir necə şəxsin halı pisləşdiyi üçün zərər çəkənlər hadisə yerində olan təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparıldılar. Hiddətlənən sahibkarlar öz növbələrində onlara dəyən ziyanın ödənilmədiyi təqdirdə lazimi orqanlara müraciət edəcəklərini deyiblər. Hətta lazım gələrsə, mitinq belə keçirəcəklərini bildiriblər. 

News24.az-a danışan bir neçə sahibkar problem və tələblərini aşağıdakı şəkildə ifadə ediblər. Sahibkar Gülnar Qasımova ona ümumi olaraq dörd yüz səksən beş min manatlıq ziyanın dəydiyini bildirib: “Mərkəzdə ən böyük gəlinlik mağazası olan “Angel Vedi” mənə məxsus idi. Dörd gəlinlik mağazamdan ən böyüyünə üç yüz əlli min manatlıq ziyan dəyib. Digərlərinə isə ayrılıqda yüz əlli min manatlıq ziyan dəyib. Rəhbərlikdəndə bizlə maraqlanan yoxdur”. Üç mağaza sahibi olan Vüsalə Qasımova bütün mallarının yanaraq külə döndüyünü qeyd edib: “ “Sharm”, “Scarlet” və “Ağ çiçəyim” mağazalarının hər biri yanıb kül oldu. Hər mağazaya dəyən ziyan fərqlidir. Amma təxmini olaraq iki yüz min manat ziyan dəyib. Hələ ki, qarşımıza rəhbərlikdən kimsə çıxmayıb. Durub, gözləyirik. Bütün mağazalarımız məhv oldu”. 

“Alyans Gəlinlik” mağazasının sahibi Günel Abbasova onlardan mal götürən müştərilərdən onları başa düşməyi xahiş edib: “Müştərilərimizdən xahiş edirik ki, bizi başa düşsünlər. Artıq onların beh olaraq verdiyi pulları qaytara bilməyəcəm. Yüz və ya yüz əlli manat verən müştərilər üzrlü saysın. Bizə ən azı əlli min manatlıq ziyan dəyib. Rəhbərliyimizin ofisi “Lotos” ticarət mərkəzində yerləşir. Bəhruz bəy bu işlərə baxır. “Diqlas” da isə yeni rəhbər təyin olunan Rasim bəy oturur. Hazırda burada rəhbərlikdən kimsə yoxdur. Heç bir məlumat ala bilmirik. Sabah məlumat ala bilmək üçün “Lotos” ticarət mərkəzinə yığışacağıq. Əgər işimizə baxmasalar, lazimi orqanlara müraciət edəciyik”. 

Sahibkar Nurlan Səməndərov yanan malların çoxusunun nisyə olduğunu bildirib: “Yanğın biranıniçərisində baş verdi. Hadisənin necə baş verdiyini bilmirik. Taksi ilə işə gəldiyim zaman yolda mənə xəbər verdilər. Gəlib mallardan heç nəyin qalmadığını gördük. Bizə qalan yalnız borclar və yanan mallar oldu. Malların çoxuda nisyə idi. Yüz min manatlıq ziyan dəyib”. Üç mağazası yanan Rahim Baxışov “Diqlas” və onun ətrafındakı bütün dükanlarınyandığını açıqlayıb: “Sahibkarlarınhərbirinin bütünmalları yanaraq kül oldu. Bir malı belə çıxartmaq mümkün olmadı. Bizim üç mağazamıza təxminən yüz min manat civarında ziyan dəyib”. 

Hadisə yerində olan Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yahya Babanlı yaxın bir necə saat ərzində yanğının bütünlüklə aradan qaldırılacağını bildirdi: “Yanğın hadisəsi lokallaşdırılıb. Soyutma tədbirləri həyata keçirilir. Ən əsası isə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Çünki xüsusi boya maddələrinin partlama ehtimalı var idi. Onun qarşısı alındı. Beş mərtəbəli ticarət mərkəzinin ərazisi üç min kvadrat metrdən çoxdur. Hazırda hadisə yerinə çoxlu sayda canlı və texniki qüvvə cəlb olunub. Xəsarət alan yoxdur. Amma bu, çox ciddi yanğın hadisəsidir. Üçüncü dərəcəli yanğın hadisəsi kimi qeydə alınıb. Yanğınsöndürənlər yanğının söndürülməsi üçün fədakarlıq və peşəkarlıq göstərirlər. Ticarət mərkəzinin bütün hissəsi yanıb. Amma müəyyən hissələr lokallaşdırıldığına görə tam sıradan çıxmayıb”. 

Sevinc YASİNQIZI

Foto-Video: Fərid Şabanov