Prokuror ermənilərə casusluq edənə AĞIR CƏZA İSTƏDİ
    • 19-10-2023, 15:52
    • 523

Prokuror ermənilərə casusluq edənə AĞIR CƏZA İSTƏDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə 19 il cəza istəyib. 

Proses oktyabrın 26-na təyin olunub. 

İttihama görə,  Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınmışdır.

İstintaq zamanı məlum olmuşdur ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürmüş, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək etmişdir.

Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilmişdir.

Samir Əli