Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşüb
    • 28-03-2019, 14:40
    • 915

Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşüb

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Fransaya səfəri çərçivəsində YUNESKO-nun baş direktoru Odri Azule ilə görüşüb.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-YUNESKO əlaqələrinin hazırkı vəziyyəti, mayın 2-3-də YUNESKO-nun tərəfdaşlığı ilə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, iyunun 30-dan iyulun 10-dək davam edəcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq və digər birgə layihə və proqramlarla bağlı fikir mübadiləsi aparılıb.
Ə.Qarayev Azərbaycanın YUNESKO ilə əməkdaşlığın inkişafına, dünyada təşkilatın ideallarının yayılmasına daima sadiq olduğunu və təşkilat ilə çoxsaylı birgə layihələrin həyata keçirilməsinə verdiyi töhfələrin davamlı olacağını bildirib. 
Öz növbəsində, O.Azule Azərbaycanla əməkdaşlığın səviyyəsindən razılığını qeyd edərək ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbirlərin bilavasitə YUNESKO ilə bağlı olduğunu və təşkilatın bu prosesdə fəal rol oynayacağını bildirib. 
Nazir Ümumdünya irs və qeyri-maddi mədəni irsin reprezentativ siyahılarına daxil edilmiş Azərbaycanın mədəniyyət və irs nümunələri barədə O.Azuleye məlumat verib. Həmçinin Dünya İrs Komitəsinin sədri kimi Azərbaycanın dünyada münaqişə ərazilərində və təbii fəlakətlər vəziyyətində mədəni irsin qorunması məsələsinin aktuallığını diqqətdə saxlayacağını diqqətdə çatdırıb.
O.Azule bu məsələlərin YUNESKO üçün də ciddi əhəmiyyət kəsb etdiyini qeyd edərək cari ilin noyabr ayında təşkilatın qərargahında keçiriləcək Mədəniyyət Nazirlərinin konfransı və aprelin 25-26-da Cenevrədə təşkil olunacaq Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması konvensiyası ilə bağlı keçiriləcək tədbir çərçivəsində nazirlər paneli barədə məlumat verib və Ə.Qarayevi həmin tədbirlərə dəvət edib.