Şagirdlərin pirdə şəkil çəkdirməsi barədə AÇIQLAMA
    • 20-10-2023, 13:26
    • 304

Şagirdlərin pirdə şəkil çəkdirməsi barədə AÇIQLAMA

Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdlərinin rayondakı pirlərdən birinə aparılması ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib.

Bu barədə məktəbin "Facebook" səhifəsində foto paylaşılıb və ictimai qınaqlardan sonra foto silinib.

Bəs görəsən mütəxəssislər bu barədə nə düşünür? Şagirdlərin dini ziyarətə aparılması nə dərəcədə doğrudur? 

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin sabiq dekanı Vüsalə Ağabəyli News24.az-a bu barədə açıqlama verib.

“Şagirdləri tədrisin tətbiqi yollarını öyrənmələri üçün praktik fəaliyyətə, ekskursiyalara cəlb etmək faydalıdır. Lakin pirlər tədrisin tərkibində deyil. Müəllimlərin  şagirdləri sırf pirlərə aparmaq üçün vaxt istifadə etməsini anlaya bilmirəm. Əgər həmin pir hesab edilən yerlər tarixi binalardırlarsa, tarixi anlam daşıyırsa, bu başqa məsələ. Yoxsa, dini radikalizmi və ya mövhumatçılığı təbliğ etmək məqsədilə, şagirdlərin pirlərə aparılması çox yanlış hərəkətdir və onların asudə vaxtının nəinki səmərəsiz, hətta zərərli təşkilidir. Müəllimin rolu şagirdin tədris və təlim keyfiyyətlərini inkişaf etdirməklə yanaşı, onun dünya görüşünün formalaşmasına, tərbiyəvi vərdişlərə yiyələnməsinə müsbət mənada təsir etməkdir. Pirlər, dini ayinlər və bu kimi nüanslar isə şagirdlərdə elmə gedən istiqaməti sual altına qoyur, onların analiz və tədqiqat bacarıqlarını limitləyir, onları hazır və cahil vərdişlərə sürükləyir.

Təhsil eksperti Elşən Qafarov da sözü gedən məsələyə münasibət bildirib.

“Təhsil dünyəvi xarakter daşıyır və milli-bəşəri dəyərlərə əsaslanır. Müəyyən ehkamlar təhsil müəsissələrində aşılanmamalıdır. Təhsil ocaqlarının da məqsədi insanları cəhalətdən uzaqlaşdırmaqdır. Qazax rayounun Cəfərli kənd tam orta məktəbində baş verən hadisə həmin kəndin adətidir. Amma bu adəti bütün təhsil müəsissələrinə şamil etmək düzgün deyil. Həmin pirə gedən müəllimlərlə maarifləndirici söhbətlərin aparılması vacib amillərdən biridir. Bu hal ölkə təhsil sestemində baş verən yeganə haldır. Əsas məsələ odur ki, həmin şəkildəki pir deyil sadəcə dilək ağacıdır. Bu situasiyların yaranmamsı üçün təhsil idarələri tərəfindən tədbirlər görülməlidir”,-deyə ekspert qeyd edib.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinin mövzu ilə bağlı açıqlamasında vurğulanıb ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.

"Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yanlışlıqla məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb. Bununla bağlı məktəb direktorunun izahatı alınıb və müvafiq intizam tənbeh tədbiri görülüb" – deyə, qeyd olunub.

Ülkər Abdurahmanlı