Şagird sayına görə direktorların maaşını artırmaq DOĞRU DEYİL - Vüsalə Ağabəyli
    • 25-08-2022, 13:22
    • 460

Şagird sayına görə direktorların maaşını artırmaq DOĞRU DEYİL - Vüsalə Ağabəyli

"Şagird sayına görə məktəb direktorlarının maaşına edilən dəyişikliyin doğru olduğunu anlaya bilmirəm. Kəmiyyət nə zamandan keyfiyyətə xidmət göstərməyə başlayıb? Mənə görə, önəmli olan say deyil, idarəetmədir, verilən təhsilin keyfiyyətidir. Məncə, bu qərar həm də sağlam rəqabətə mane olacaq. Məktəblərdə süni və keyfiyyətsiz şəkildə say artımına şərait yaradacaq. Direktor keyfiyyətli tədrisin yox, şagird sayının çox olmasında maraqlı olacaq. Çünki bugünkü qərar onu bu yola vadar edir."

News24.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Vüsalə Ağabəyli bildirib.

Bəzi lisey, gimnaziya və məktəblər arasında rəqabət getdiyini deyən V.Ağabəyli əlavə edib ki, bu səbədən əsas fənlərdən 2 və ya 3 qiyməti alan şagirdlər başqa məktəblərə tövsiyə olunurdu:

"Şagirdlər də keyfiyyət uğrunda yarışdıqlarını bildikləri üçün rəqabətdə idi. İndi necə olacaq? İndi şagird düşünəcək ki, oxusam da, oxumasam da direktorun maaşı mənim varlığımdan asılıdır.

Başqa bir nüans da var ki, mərkəzdəki məktəblərdə, xüsusilə Bakı şəhərində, onsuz da şagird sıxlığı mövcud olan və hətta problem yaradan hal idi. Lakin rayon və kənd məktəblərindən universitetlərə qəbul planında yüksək balla yer alan abituriyentləri və onların təhsil aldığı məktəbləri diqqətdən kənar qoyub, sırf şagird sayı çoxdur deyə məktəbə diqqət ayırmaq, fikrimcə, xoşagələn hal deyil. Bugün məktəblərdəki tədrisin keyfiyyətindən, dərs vəsaitlərinin dolğunluğundan, texniki və visual təminatın yararlılığından, lazımlı kadrların fəaliyyətindən danışmaq əvəzinə, şagird sayını müzakirə etməyimizi doğru hesab etmirəm".