-
- 24-10-2023, 13:50
- 1 016
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ - Yeni qanun QƏBUL OLUNDU
Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi sabah Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə olunacaq. Qanunun qiymətləndiricilərin statusuna aydınlıq gətirəcəyi, qiymətləndiricilərin özünütənzimləmə mexanizminin və inzibati təsir rıçaqlarının formalaşmasına səbəb olacağı, eyni zamanda qiymətləndiricilərin reyestrini həyata keçirməyə imkan yaradacağı bildirilir.
Bəs yeni qanun hansı dəyişikliklərə səbəb olacaq?
News24.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin mədəniyyət və insan hüquqları komitəsinin üzvü Fazil Mustafa Referans.az-a bildirib ki, qiymətləndirmə fəaliyyətinin məzmununun müəyyən edilməsi, tənzimlənməsi və qiymətləndiricilərin müstəqilliyinin təmin edilməsi əsas məqsədlərdən biridir:
“Yeni qanun əsasən dəqiq qiymətləndirmə siyasəti həyata keçirməyə xidmət edəcək. Təbii ki, burada su istifadə hallarının olması istisna deyil. Bu mexanizmin qarşısını almaq üçün gedişatda hansısa qiymətləndiricilərin fəaliyyəti ilə bağlı onların müstəqilliyi, onların hər hansı bir inhisarçılıq sistemi içində yer almaması və daha obyektiv fəaliyyət göstərməsini nəzərdə tutan müəyyən məsələlər burada nəzərdən keçirilir. İlk öncə müsbət hallardan başlamalıyıq. Bunların müəyyən səlahiyyətlərinin dəqiqləşdirilməsi və onlara təsir mexanizmlərinin azaldılması vacibdir”.
Deputat qeyd edib ki, həmin qiymətləndirmə bütövlükdə iqtisadiyyata da böyük fayda gətirəcək. Onun sözlərinə görə, qiymətlərin şişirdilməsi və ya hansısa bir məqsədyönlü şəkildə qiymətlərin aşağı salınması hər biri ciddi problem yaradır və dövlətin iqtisadi potensialına əhəmiyyətli şəkildə zərbə vurur.
İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, düzgün qiymətləndirmə formasının qüvvəyə minməsi, obyektin eyni zamanda daşınar və daşınmaz əmlakın ədalətli dəyərinin formalaşdırılması vacib idi:
“Tutaq ki, banklara girov qoyulur, banklarla kredit münasibətlərinə girilir və yaxud əmlakın sığortalanması və digər məsələlərdə ədalətli dəyərin müəyyənləşməsi baş verəcək. Artıq maliyyə məsələləri daha dəqiq bir çərçivədə müəyyənləşəcək. Bu cəmiyyət üçün faydalı olacaq.
Bu sahədə peşəkarlığın artırılmasına ehtiyac olduğunu deyən iqtisadçı qeyd edib ki, əvvəlki qanunda qiymətlənidiricilərin qarşısına hər hansı vəzifələr qoyulsa da, bunun nəzarət mexanizmi, onların peşəkarlığına yanaşma zəif inkişaf edirdi: “Bu baxımdan bazarda peşəkarlığın artırılması və bu fəaliyyət növü üzərində nəzarətin formalaşdırılması vacibdir. Ümid edirəm ki, yeni qanun sayəsində qiymətləndirilmənin sadəcə müsbət tərəfini görəcəyik”.