Keçmiş səfir ABŞ-İran müharibəsindən DANIŞDI:
    • 25-10-2023, 17:38
    • 294

Keçmiş səfir ABŞ-İran müharibəsindən DANIŞDI: "Hərbi yolla cavab veriləcək"

“Hesab edirəm ki, ABŞ qüvvələrinin Yaxın Şərqdə hücuma məruz qalması ehtimalı azdır. Lakin təsadüfi və ya kiçik miqyaslı hücum ola bilər, dron və ya raket zərbələri də mümkündür. Və bu Yəməndən olan üsyançılar tərəfindən həyata keçirilə bilər”.

Bu sözləri News24.az-a beynəlxalq ekspert, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, çox güman ki, son bir neçə gündə baş verdiyi kimi, İran tərəfindən ABŞ qüvvələrinə qarşı davamlı raket və dron hücumları olacaq:

“Lakin bu, çox ciddi bir hücum olmayacaq. Bir neçə gün əvvəl belə bir hadisə oldu. O zaman ABŞ pilotsuz təyyarələri və raketləri zərərsizləşdirdi. Bu silahların Qırmızı dənizdəki ABŞ hərbi dəniz gəmilərinə yoxsa İsrailə yönəldiyi məlum deyil. Hər halda, ABŞ-a tuşlanan silahları məhv etmək olduqca sadədir. Dövlət katibi Entoni Blinken də xəbərdarlıq edib ki, nə ABŞ, nə də hər hansı başqa ölkə və ya İran İsrail və Fələstindən kənarda daha geniş müharibə istəyir. O, İrana və ona bağlı “Hizbullah” qruplaşmasına xəbərdarlıq edib. Məlumdur ki, “Hizbullah” Livanın cənubundan İsrailə doğru döyüşlərdə iştirak edir”.

M. Brayza vurğulayıb ki, ABŞ İranın hücumuna hərbi yolla cavab verə bilər: “Vaşinqton bölgədə çox böyük atəş gücünə sahibdir, iki qrup döyüş təyyarələri tezliklə körfəzdə və biri isə Qırmızı dənizdə olacaq. Buna baxmayaraq, Entoni Blinken açıq-aydın çəkindirici mesaj verdi. Pezident Co Baydenin günlərdir dediyi kimi, İsrail və Fələstin arasındakı münaqişəyə girməyi düşünən hər hansı bir aktor bunun nə olduğunu dəqiqləşdirmədən ciddi nəticələrlə üzləşmək riski daşıyır”.

Qeyd edək ki, CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb ki, İran ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinə hücum edəcək. Məlumata görə, İranın dəstəklədiyi proksi qüvvələrin ABŞ qüvvələrinə qarşı hücumu artırmağı planlaşdırdığına dair kəşfiyyat məlumatları mövcuddur. 

Vaşinqton müxtəlif səviyyələrdə İrana xəbərdarlıqlar edib. Dövlət katibi Entoni Blinken də BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, İranla hərbi qarşıdurmanın baş verməsini istəmirlər, lakin ABŞ qüvvələrinə hücum edilərsə, cavab veriləcək.

Akqabay