Vəziyyət gərginləşir: İran hücuma keçir, ABŞ-dən SON DƏQİQƏ xəbərdarlığı!
    • 25-10-2023, 10:59
    • 378

Vəziyyət gərginləşir: İran hücuma keçir, ABŞ-dən SON DƏQİQƏ xəbərdarlığı!

Xəbər verdiyimiz kimi, Amerika kəşfiyyatı İranın yaxın saatlarda ABŞ-nin Yaxın Şərqdəki hərbi qüvvələrinə hücum edəcəyi ilə bağlı məlumat yayıb.

News24.az CNN-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken İran və ya digər qüvvələrin mümkün hücumları ilə bağlı xəbərdarlıq edib. O, ABŞ-nin özünü “sürətli və qətiyyətlə” müdafiə edmək gücünə sahib olduğunu bildirib.

“Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır, lakin Tehranın və ya onun müttəfiqlərinin hücumlarına qarşı qətiyyətlə özünü müdafiə etmək üçün hərəkətə keçəcək”, - ABŞ dövlət katibi qeyd edib. O, Birləşmiş Millətlər Təşkilatına üzv dövlətləri İranı İsrail-HƏMAS müharibəsində birbaşa iştirak etməməyə çağırıb.

BMT Təhlükəsizlik Şurasının iclasında Blinken bildirib ki, bu mesaj “digər kanallar vasitəsilə” İran rəsmilərinə “ardıcıl olaraq” çatdırılıb.

CNN yazır ki, İranın dəstəklədiyi proksilərin ABŞ-nin Yaxın Şərqdəki hərbi qüvvələrinə qarşı hücumları artıb. Blinkenin bu xəbərdarlığı da məhz bu fondadır. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, İraq və Suriyadakı ABŞ və koalisiya qüvvələri oktyabrın 17-dən bəri ən azı 13 dəfə hücuma məruz qalıb.

Bir çox ABŞ rəsmiləri CNN-ə bildiriblər ki, İran regionda ABŞ-nin İsrailə dəstəyinə qarşı reaksiyadan yararlanmağa çalışıb, ABŞ-da belə qrupların Yaxın Şərqdə Amerika qüvvələrinə qarşı hücumları artırmağı planlaşdırdığına dair kəşfiyyat məlumatı var.

Blinken ABŞ-nin özünü müdafiə etmək üçün İsrailə tam dəstəyini bir daha ifadə edib və beynəlxalq ictimaiyyəti “HƏMAS-ın İsrailə qarşı terror hücumunu birmənalı şəkildə pisləməyə” çağırıb.

O vurğulayıb ki, “HƏMAS Fələstin xalqını təmsil etmir və Fələstin mülki vətəndaşları HƏMAS-ın törətdiyi qırğında günahkar deyillər”.

“İsrail mülki şəxslərə zərər verməmək üçün bütün mümkün tədbirləri görməlidir”, - Blinken deyib.

“Daha geniş münaqişə təkcə fələstinlilər və israillilər üçün deyil, həm də regiondakı insanlar və əslində bütün dünya üçün dağıdıcı olar”, - deyə ABŞ diplomatı xəbərdarlıq edib.

“Bu məqsədlə biz bütün üzv dövlətləri İsrailə qarşı bu münaqişədə başqa cəbhə açmağı düşünən və ya ABŞ da daxil olmaqla İsrailin tərəfdaşlarını hədəfə ala biləcək hər hansı dövlətə və ya qeyri-dövlət aktoruna qəti vahid mesaj göndərməyə çağırırıq: Odun üstünə yanacaq tökməyin”, - Blinken deyib.

O, xüsusi olaraq ölkələrə “İranı nəinki təmkinli olmağa çağırmağa, həm də İran və ya onun müttəfiqləri bu münaqişəni genişləndirsə və daha çox mülki vətəndaşı riskə atsa, siz onları məsuliyyətə cəlb edəcəyinizi açıq şəkildə bildirməlisiniz”, - deyə çağırış edib.

Akqabay