Fransanın Ermənistanda hərbi bazası olacaqsa, Türkiyə... - POLİTOLOQ
    • 26-10-2023, 13:02
    • 271

Fransanın Ermənistanda hərbi bazası olacaqsa, Türkiyə... - POLİTOLOQ

“Nikol Paşinyan bir gün Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazasıyla əvəz etməyə müvəffəq olarsa, bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi? Ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur”.

News24.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ermənistanda möhkənlənmək istəyən Fransa Azərbaycana Rusiya qədər problem yarada bilməyəcək: “Çünki qarşısında Azərbaycanla yanaşı Türkiyəni də görəcək. Bununla Fransa özünü bəlaya salacaq. NATO üzvü Fransanın Ermənistanda hərbi bazası olacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası olacaq. Fransa Ermənistanı Avropa İttifaqına və NATO üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu yalnız Fransanın istəyindən asılı deyil”. 

Politoloq əlavə edib ki, Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxacaq: “Rusiya üç addımla Ermənistanı çökdürməyə çalışacaq. Birincisi, Rusiya Ermənistana satdığı qazın qiymətini ya bahalaşdıracaq, ya da tamamilə kəsəcək. İkincisi, Rusiya öz bazarını Ermənistan məhsullarına qapadacaq. Üçüncüsü, Rusiyada çalışan ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq. Fransa bu problemlərin hansı birinin həllində Ermənistana kömək edə biləcək? Fransa Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəz edəcək və ya bazarını Ermənistan məhsullarına açacaqmı?”

Akqabay