Tanınmış biznesmen: "AZAL, Sən Azərbaycan adına ləkəsən"
    • 27-07-2018, 18:41
    • 1 531

Tanınmış biznesmen: "AZAL, Sən Azərbaycan adına ləkəsən"

Tanınmış iş adamı Xəyal Məmmədxanlı onlayn formada Naxçıvana bilet alması və hava limanında başına gələnlərlə bağlı ictimaiyyətə müraciət edib. 
 
News24.az xəbər verir ki, feysbuk səhifəsində "AZAL, Sən Azərbaycan adına ləkəsən!!!” adlı yazı paylaşan iqtisadçı bilet alarkən baş vermiş texniki yanlışlığa görə ikitərəfli biletindən imtina etməli olduğunu deyib: "Xatırlayırsınızsa, bir neçə gün öncə sevinərək status yazmışdım ki, axır ki, Naxçıvana da biletləri bütün normal sivil ölkələrdə olduğu kimi onlayn almaq olur. Təbii ki, müasir texnologiyalara üstünlük verdiyimə görə 28 maydakı kassada 90 cı illərin növbəsində durmamaq üçün biletlərimi onlayn aldım, ödənişi də kartla etdim. Bu gün saat 13:10 da J2 253 cü reyslə uçmalı və gecə geri qayıtmalı idim. Hava limanında qeydiyyata yaxınlaşdım, bileti təqdim etdim və biabrıçılıqlar başlandı...
 
Adımın sistemdə olmadığını dedilər. Kassaya yaxınlaşdım, sistemə baxdılar və məlum oldu ki, sistem mənim ilk öncə Naxçıvandan Bakıya gəlməli olduğumu, sonra Bakıdan Naxçıvana uçmalı olduğumu qeyd edib. Halbuki, mənim əlimdəki biletdə sıralama əksinədir. Nə isə, uzun mübahisədən sonra dedim ki, yaxşı, razıyam, tutaq ki, mən Naxçıvan - Bakı tariximi səhv qeyd etmişəm, 26 iyul yox, 25 iyul yazmışam, Bakı - Naxçıvan reysim ki, yerindədir. Və əsrin cavabı gəldi: Siz Naxçıvandan Bakıya gəlmədiyiniz üçün Bakıdan Naxçıvana uça bilməzsiniz!!! Bəli, düz eşitdiniz, bu cavabı AZAL verdi...”
 
X.Məmmədxanlı qeyd edib ki, əlacısz şəkildə hava limanından geri qayıtmalı olub: "Elektron müraciət etdim, 25 % cərimə ilə biletin pulunu qaytaracaqlarını dedilər. Pulları başlarına dəysin, onsuz da monopoliyadan istifadə edərək soyğunçuluqla məşğuldurlar. Amma, mənim Naxçıvanda planlaşdırılan bütün görüşlərim təxirə düşdü və günüm məhv oldu!!!
 
Hörmətli AZAL, ''Adam kimi uç'' reklamınızı görmüşdüm, amma düşünürəm ki, camaatın uça bilməsi üçün siz ADAM olmalı və ADAM kimi İŞLƏMƏLİSİNİZ!!! Əks halda, istefa verib, postlarınızı bacarıqlı insanlara təhvil verin!!!”
 
İş adamı əlavə edib ki, hava limanında bir neçə nəfərlə söhbət edib və məlum oldu ki, son zamanlar bu onlaynla bağlı problemlər həddən artıq çoxdur: "AZAL ödədiyim pulu 33 günə ödəyəcək, bu pul bütün düyna banklarını fırlanacaq".