“Halal dərman”la bağlı Quranda nə yazılıb? - İlahiyyatçı
    • 3-11-2023, 09:29
    • 282

“Halal dərman”la bağlı Quranda nə yazılıb? - İlahiyyatçı

Halal-haram məsələsini elə bir faciəvi hala gətiriblər ki, söz deməyə də insan ehtiyat edir. Qurani-Kərimin "Nəhl" sürəsinin 116-cı ayəsində deyilir: "Dilinizin uydurduğu yalana əsasən "Bu halaldır, o haramdır!" deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar".

News24.az axar.az-a istinadən bildirir ki, bu sözləri ilahiyyatçı alim Elşad Miri halal dərman vasitələri haqqında qəbul edilən standartlarla bağlı məsələyə münasibət bildirərkən deyib.

İlahiyyatçı bildirib ki, Quranda bununla bağlı heç nə qeyd yoxdur:

"Bu gün o qədər standartlar müəyyənləşdiriblər ki, bunun heç biri Quranda tapılmır. Məsələn, toyuğun, inəyin kəsilərkən üzünün qibləyə tərəf olması ilə bağlı Kitabımızda əmr yoxdur. Bunu haradan çıxartdılar, belə bir standartı necə müəyyənləşdirdilər? Yəhudilikdə "koşer" deyilən belə bir anlayış var. Hətta "halal simkart" da müəyyənləşdiriblər. Onların din xadimləri qidaların əkilməsindən başlamış süfrəyə gətirilməsinə kimi bütün proseslərə nəzarət edir. Vallah, islam dini o qədər asandır ki! Dinimizi bu qədər qəlizləşdirmək nəyə lazımdır? İnsan çarəsiz qaldıqda haram buyrulan donuz ətindən də yeyə bilər. Tibb artıq donuz ürəyini insana köçürür, dünya bunu müzakirə edir, biz isə dərmanın halal, yaxud haram olmasından danışırıq. İslama əsası olmayan məsələləri gətirib elə bir şəkildə tətbiq edirlər ki, dinin mahiyyəti bir kənarda qalır".

İlahiyyatçı qeyd edib ki, dərmanların üzərində tərkibi və hansı mənşəli heyvanın qatqılarından istifadə olunduğu yazılır:

"Bəzi dərmanlarda donuzun yağından istifadə olunur. Avropa ölkələrində də bunun şahidi olmuşdum. Dərmanların üzərində hansı heyvan yağından istifadə olunması ilə bağlı məlumat qeyd olunub. Buna diqqət etsək, yetər. Bunu qlobal məsələyə çevirməyin bir mənası yoxdur. Mən dərman qəbul edəndə bu sahənin mütəxəssisi olan yoldaşlarımla, dostlarımla, əsasən, tərkibini dəqiqləşdirirəm. Alternativləri nəzərə alırıq. Əks təsirləri ilə maraqlanıb, ona görə qərar veririk. Hər yazılan dərmanı istifadə etməməyə çalışıram".