Əvəz Zeynallı ilə Rasim Məmmədov məhkəmədə dava saldı
    • 3-11-2023, 15:58
    • 399

Əvəz Zeynallı ilə Rasim Məmmədov məhkəmədə dava saldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Xural"tv-nin rəhbəri Əvəz Zeynallı və "Səda TV" kanalının rəhbəri Elnur Şükürovun məhkəmə prosesi davam etdirilib.

News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən  “Baku Steel Company” MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədov bildirib ki, Elnur Şükürovu tanımır: “Əvəz Zeynallı məni tanımaya-tanımaya ən çox pislik edən adamdı. Gah deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam. Ancaq hansı zavoddan, nə zavodan söhbət gedir? Efirdə olanda deyirdi ki, sübut edəcəm. Elə danışırdı ki, guya mənlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam.

Əvəz Zeynallının dedikləri hamısı yalandı. Adını qoyub Rasim Məmmədovu tənqid edirəm. Təndiq başqadı, təhqir başqa. Yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım”.

Daha sonra, Rasim Məmmədov prokurorun suallarını cavablandırıb. O, istintaqdakı ifadəsini təsdiq etdiyini deyib.

Məhkəmənin gedişatında Rasim Məmmədov tərəflərin suallarını cavablandırıb.

Əvəz Zeynallı Rasim Məmmədovu birinci dəfədi gördüyünü, onu məhkəməyə heç vaxt vermədiyini deyib. Rasim Məmmədov bildirib ki, Əvəz Zeynallı ilə birbaşa kontaktda olmayıb.

O, əlavə olaraq deyib ki, ailəsinin Elçin Sadıqova 20 min manat verdiyindən xəbəri olmayıb. 

Rasim Məmmədov Əvəz Zeynallının suallarını cavablandırmaqdan imtina edib:

“Hörmətli hakim, mən bu tərbiyəsiz şəxsin suallarını cavablandırmaq istəmirəm”.

Əvəz Zeynallı:

“Tərbiyəsiz sənsən elə şərəfsiz”.

Bu ifadədən sonra şahidlə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb. 

Hakim Əvəz Zeynallını zaldan çıxarıb. Elə bununla da zalda əyləşən şahidlər etiraz olaraq zalı tərk edib. 

Məhkəmə prosesi təxirə salınıb.

Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət almaqda təqsirləndirilir.

Samir Əli