-
- 27-10-2023, 17:03
- 413
Elçin Sadıqovu kürsüdə dəfn edəcəm - Əvəz Zeynallı
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
News24.az-ın məlumatına görə, prosesdə ifadə verən şahid, hazırda həbsdə olan “Baku Steel Company” MMC-nin sabiq rəhbəri Rasim Məmmədovun sürücüsü Elnur Bəxşəliyev bildirib ki, Əvəz Zeynallı ya vermək üçün Elçin Sadıqova içərisində pul olan zərf çatdırıb:
“Mərdəkanda bağ evində idim. Rasim müəllimin həyat yoldaşı Mehriban xanım mənə zərf verdi. Pula oxşayırdı. Dedi ki, zərfi vəkil Elçin Sadıqova çatdırmalısan.
Nizami rayon polis bölməsinin qarşısında məni gözləyirdilər. Apardım pulu verdim ona qayıtdım. Elçin Sadıqovu əvvəldən tanıyıram. Ailənin vəkili idi. Sənədlər aparıb gətirirdim”.
Prosesdə bildirilib ki, Elnur Baxşəliyevin istintaqdakı ifadəsi ilə məhkəmə osintaqındakı ifadə arasında ziddiyyət var. Bu məqsədlə şahidin ilkin ofadəsi elan olunub.
Şahid istintaqda apardığı zərfin içərisində 20 min manat olduğunu desə də, məhkəmədə zərfə baxmadığını, məbləğdən isə xəbəri olmadığını deyib.
E.Baxşəliyev bildirib ki, zərf qırağının aralı idi, içərisində göy rəngdə pul olduğundan bilib ki, orada 20 min manat var.
Daha sonra, məhkəməyə gəlməyən şahid qismində olan iki polisin istintaqdakı ifadəsi elan edilib.
Prosesdə hakim bildirib ki,vəkil Elçin Sadıqov ərizə ilə məhkəməyə müraciət edib.
Müraciətdə göstərib ki, bu gün də təqsirləndirilən şəxs qismindədir. İttiham olduğu məsələdə təqsirləndirilən şəxs qismində olduğu üçün şahid kimi ifadə verə bilməz. Ona görə ifadədən imtina etdiyini bildirib.
Qeyd edib ki, hazırda barəsində cinayət işi davam etdiyinə görə vəkil ibtidai istintaqdakı ifadəsini təsdiq edib.
Vəkil Aqil Layıc məhkəmədə Elçin Sadıqovun məhkəməyə çağırılıb dindirilməsini istəyib.
Əvəz Zeynallı proses gedişinə münasibət bildirib:
“Bir dəli quyuya daş atdı, min ağıllı qalıb onun əlində. Biz Elçin Sadıqovla bir yerdə tutulmuşuq. Tutulma səbəbimiz isə əlbir olub Rasim Məmmədovdan pul almağımızdır. Elçin burda təqsirləndirilən şəxsdir. Şahid yox. Yaramız, dəllal. Onun ifadəsini sübutlar siyahısından çıxarın. O, təqsirləndirilən şəxsdir. Cinayət işiləri birləşdirilsin. Elçin Sadıqov bura gəlib ifadə versə, elə onu bu kürsüdə dəfn edəcəm. And içdiyi yerdə dəfn edəcəm. Dəllaldı o”.
Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.
Samir Əli