-
- 7-11-2023, 18:03
- 203
"Onlar bununla Paşinyanın ölümünə eyham vururlar..." - Politoloq
Məlum olduğu kimi, ötən gün ASALA terror təşkilatı Ermənistan hökumətini və Baş Nazir Nikol Paşinyanı hədələyən görüntülər yayıb.
Görüntülərdə terror qruplaşmasının Ermənistan hökumətinə müharibə elan etdiyi və ona qarşı terror aktları hazırladığı bildirilir.
ASALA-nın bu təhdidləri nə qədər realdır?
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, zaman-zaman ASALA-nın adıyla müxtəlif açıqlamalar verilir.
“Kimlərsə çalışır ki, o addan istifadə edib istismar etsinlər. Amma ASALA ümumiyyətlə fəaliyyətini 1980-ci illərin sonunda dayandırıb. Hətta Qarabağda məhv edilən və ASALA terrorçusu olduğu deyilən Monte Melkonyan artıq Qarabağa gələndə ASALA yox idi. Söhbət 1991-92-ci illərdən gedir. Melkonyan Ağdam istiqamətində məhv edildikdə isə 1993-cü il idi. ASALA terrorçu təşkilat kimi tanındığından mənə elə gəlir ki, kimlərsə bu addan istifadə edir”,- o deyib.
Politoloq hesab edir ki, ASALA-nın Paşinyanı devirmək və yaxud Ermənistanda hakimiyyət dəyişmək kimi bir resursu olan təşkilat kimi mövcudluğu qəbul edilsəydi, fəaliyyəti indiyə qədər görünərdi:
“Yəni terrorçu təşkilat hansı fəaliyyəti ilə görünür? O, ya hansısa dövlət, hakimiyyət yaxud şəxsə qarşı akt həyata keçirir. ASALA Türkiyə hakimiyyətinə qarşı terror aktları törətməklə tanınıb”.
O qeyd edib ki, son 35 ildə onun mövcudluğu haqqında heç bir məlumat olmayıb.
“Bu dövr ərzində onun hər hansı terror aktı həyata keçirməyə qadir olduğu sübut edilməyib. İndi istər Ermənistanın daxilində, istərsə də xaricində özəlliklə də Rusiyada Paşinyanı devirməkdə maraqlı olab tərəflər var. Görünən odur ki, onu hədələmək üçün sözügedən terror qruplaşmasının adından istifadə edilir. Hətta ola bilər ki, onlar bununa Paşinyanın ölümünə eyham vururlar”, - deyə Ə.Oruclu fikrini yekunlaşdırıb.
Ayşən Rəhim