İlham Əliyev iranlı həmkarı ilə görüşdü - YENİLƏNDİ
    • 9-11-2023, 18:40
    • 274

İlham Əliyev iranlı həmkarı ilə görüşdü - YENİLƏNDİ

Noyabrın 9-da Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, İran Prezidenti Seyid İbrahim Rəisi dövlətimizin başçısını salamlayaraq dedi:

- Mərhəmətli və rəhimli Allahın adı ilə.

Mən çox şadam ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində biz Sizinlə görüşə, ikitərəfli və bizi maraqlandıran məsələləri müzakirə edə bildik. Xoşbəxtlikdən, əlaqələrimiz qənaətbəxş səviyyədədir və müxtəlif sahələrdə işlərimiz, layihələrimiz uğurla davam edir.

Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır.

Biz nəqliyyat və tranzit sahələrində vəziyyətin gündən-günə yaxşılaşdığını müşahidə edirik. Ölkələrimiz arasında nəqliyyat işi getdikcə artır. Bu, həm sizin, həm də bizim hədəflədiyimiz məsələdir. Araz çayı üzərindən keçən Ağbənd marşrutu və bizim orada bir-birimizlə razılaşdıraraq həyata keçirdiyimiz layihələr hər iki ölkənin maraqlarına cavab verir. Bu, Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu sahədəki qayğıları aradan qaldırır.

Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur.

Biz əminik ki, Azərbaycan ilə İran arasındakı münasibətlər təkcə diplomatik qonşuluq əlaqələr deyil, bu, iki xalq arasında çox dərin münasibətlərdir.

Xalqlarımız qəlbən bir-birinə yaxındır və münasibətlərimiz sarsılmazdır. Ona görə liderlərimiz də bu əlaqələrin inkişafına çox ciddi yanaşırlar. Sizinlə görüşdən dərin sevinc duyduğumu bir daha təkrar edirəm.

xxx

14:34

Noyabrın 9-da Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.