Valideynlər təşviş içində - yeniyetmələr niyə intihar edir? - GÜNDƏM
    • 8-04-2019, 15:29
    • 803

Valideynlər təşviş içində - yeniyetmələr niyə intihar edir? - GÜNDƏM

Bir neçə gündür ki, ölkə ictimaiyyətini təşvişə salan olay – özünü 162 nömrəli tam orta məktəbin binasından atan 8-ci sinif şagirdi Elina Hacıyevanın ölüm xəbəri gündəmin əsas mövzusu olaraq qalır.

Əlbəttə, insanlar bu məsələyə daha həssas yanaşır, əsasən də valideynlər övladları üçün narahat olur, eyni hadisənin onların övladları üçün də təkrar ola biləcəyindən narahatdırlar. 

Hadisə barədə müxtəlif fikirlər səsləndirilməkdədir. Amma ən əsası Elinanın anası mediaya açıqlamasında qızının yeni məktəbdə uşaqlar tərəfindən sevilmədiyini, onunla pis rəftar edildiyini, alçaldığını bildirib. Hətta ana bəzi müəllimlərin də onunla kobud rəftar etdiyini gizlətməyib. 

News24.az ilk olaraq şəhərdə valideynlər arasında ekspress sorğu keçirərərək, bu hadisəyə münasibətlərini öyrənməyə çalışdı. Eyni zamanda, onların övladlarının da belə hadisə ilə üzləşib-üzləşmədiyini xəbər aldıq.

İki övladı məktəbdə oxuyan Elmira Əliyeva: “Elə bir ciddi problemlə üzləşməmişəm. Aşağı siniflərdə oxuduqları zaman ara-sıra sinif yoldaşları ilə mübahisələri olurdu, onu da biz valideynlər öz aramızda həll edirdik. Əlbəttə, müəlliməyə də iradımızı bildirirdik”.

Məktəbin adını demək istəməyən G. İ-nın oğlu Nicat 3-cü sinif şagirdidir: “Oğlumu və başqa sinif yoldaşlarını da məktəbin ayaqyolunda yuxarı sinif şagirdləri sıxışdırıb, nalayiq sözlər demişdilər. Müəlliməyə dəfələrlə müraciət etdik. Hətta direktorla da görüşdük. Bildirdilər ki, şişirdiləsi məsələ deyil, daha təkrarlanmayacaq. Bilirsiniz, təəssüf edirəm ki, məktəblərdə kamera sistemi quraşdırılmayıb. Mən də valideyn kimi, uşağımdan çox narahatam. Belə hadisələrdən heç kim sığortalanmayıb”. 

Qızları 80 nömrəli məktəbə oxuyan Əfsanə Əliyeva: “Qızlarım sinif yoldaşları ilə olduqca mehribandırlar. Nə yaxşı ki, bu məktəbdə təhsil alırlar. Müəllimlərlə də hər hansı problem olmayıb”. 

Oğlu 2-ci sinifdə oxuyan Səbinə İskəndərova: “Bir valideyn kimi, mən də çox narahatam. Kaş ki, məktəblərdə kameralar quraşdırılsaydı, biz də rahat olardıq. Maraqlanmışıq, deyiblər ki, çox bahadır, məktəbin gücü çatmaz. Hazırda işləməsəm də, özüm ingilis dili müəlliməsiyəm. Narazılığım isə müəllimlərin bəzən uşaqlarla rəftarı ilə bağlıdır. Bəzi müəllimlər bir uşağı həddindən artıq tərifləyir, digərini isə diqqətdə saxlamırlar. Müəllimlər uşaqların heysiyyatına toxunan hərəkətlər etməməlidirlər”. 

20-ə yaxın respondent arasında apardığımız sorğu zamanı müxtəlif fikirlər səsləndi, bir qism valideyn narahatlığını ifadə etdi, bir qismi övladlarının təhsil aldığı məktəbdən razılıqlarını ifadə etdilər. Digərləri isə son olayın bir daha təkrarlanacağından qorxduqlarını dedilər. 

Bəs, uşaqların intihar səviyyəsinə çatmasının səbəbi nədir? Məktəblərdə müəllim- şagird-valideyn-psixoloq münasibətləri necə tənzimlənməlidir? Bugünkü gündə intihar və uşaq depressiyasının yaşının keçmiş illərə nisbətən çox gəncləşdiyini deyən psixoloq Gülnar Orucovanın sözlərinə görə əvvəl intihara cəhd 15-24 yaş gənclər arasında olurdusa, hazırda bu, 11-17 yaş arasında təzahür edir: “İntiharın səbəbləri müxtəlif ola bilər. Ümumiyyətlə, hər bir uşağa sinifdə şagirdlər alçaldıcı sözlər deyə bilər. Amma o uşağın pisologiyasının həmin sözlərə davam gətirməsi burada çox önəmlidir. Yəni, hər bir uşaqda stressə davamlılıq olmalıdır. Yaşadığımız sosial mühitdə hər cür insanla rastlaşmalı olururq. Bunların bir qismi bizi alçalda, bir qismi təhqir edə bilər. Burada ailənin rolu böyükdür. Ailədə uşağı əgər özünə inamlı tərzdə böyütmürüksə, uşağa öz haqqını tələb etməyi, ona haqsız söz deyildiyi zaman özünü müdafiə etməyi öyrədə bilmiriksə, uşağımızın intihar etməsi gözləniləndir. Bugünkü gündə isə ailələrimizin əksəriyyətində uşağı döyərək tərbiyə etməyə cəhd edirlər, küncə qoyurlar. Sırf uşağın küncə qoyulması onun şəxsiyyətini alçaldır. Şəxsiyyəti alçalmış uşaq cəmiyyətdə ağır münasibətlərə dözə bilmir”.

G.Orucova onu da diqqətə çatdırdı ki, bu gün məktəb psixoloqları öz işlərini kifayət qədər yerinə yetirə bilmirlər: “Məktəb psixoloqları üçün kurslar təşkil olunmur. Onlar uşaqlarla rəftar qaydalarını və ya hər hansı pozulmuş rəftarı korreksiya edə bilmirlər. Uşaqlar arasında problem olarkən həll etmək kimi bacarıqlarını ortaya qoya bilmirlər. O ki qaldı, uşağın intihar həddinə çatdırılması məsələsinə, bu, o zaman mümkündür ki, bir neçə nəfər onun üzərinə düşür, uşaq alçalmış duruma düşür, yenilir və özünü qiymətləndirmə aşağı düşür. Bundan sonra isə uşaq intihar etmək qərarını alır. Eyni zamanda, uşağın intihar etməsi ətrafdakılara cəza vermək məqsədi daşıyır. Bir uşağın intihar etməsini ətraf mühitlə əlaqələndirmək lazımdır. Uşaq bu qərarı alana qədər yetərincə ona ailəsi və sosial mühiti təsir etmişdir”. 

Pedaqoq Lalə Məhərrəmli də narahatlığını idafə edib: “Mənə həftə ərzində çox valideyn yazır və hər hansısa mövzuda kömək istəyirlər. Çox təəccüb və təəssüf edirəm ki, son vaxtlar yazan valideynlərin əksərriyəti övladlarının təzyiqə məruz qalmağından şikayət edirlər.
• Sinifdə çoxu imkanlı ailələrin uşaqlarıdır qızıma yuxarıdan aşağı baxırlar, əksiklərini dilə gətirir və lağ edirlər.
• Uşaqlar oğluma sataşırlar. Eynək taxdığı üçün ona 4 göz deyib, ələ salırlar.
• Qızım zəif oxuyur deyə heç kim onunla dostluq etmir. Hər kəsin yanında pərt edirlər.
• Oğlumun dilində qüsur var. Nə vaxt danışsa uşaqlar gülüb ələ salırlar. Artıq getdikcə susqunlaşır, özünə qapanır. Çox narahatam.
Bunlar hələ valideynlərin bir qismidir. Şikayətlərin hamısını yazsam vaxt çatmaz. Ən qəribə orasıdır ki, illərdir hələ mənə bircə valideyn də yazıb "övladım başqalarını incidir, mən bu vəziyyətdə nə etməliyəm?" deyə müraciət etməyib. Heç kim inciməsin amma çox təəssüf ki, hamınız yaxşı bilirsiniz ki, biz "övladımı təzyiqlərdən necə qoruyum" deyə, düşündüyümüz qədər, "övladımı şiddət göstərib, başqasını incitməkdən necə çəkindirim" deyə düşünmürük (hər kəsə aid deyil). Bizim övladımız kimisə incidəndə sadəcə nadincdir deyirik. Amma başqa uşaqlar bizim övladları incidəndə olurlar tərbiyəsiz, gələcəyin cinayətkarı və s. Etiraf edək ki, belə düşünən az deyil.

Afaq MİRAYİQ