-
- 11-12-2023, 22:37
- 302
Evli kişidən sevgilisinə qarşı dəhşətli əməl: Dayanacaqda... — TƏFƏRRÜAT
Abşeron rayonunda 1993-cü il təvəllüdlü Ayxan qeyri-rəsmi münasibətdə olduğu Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.
News24.az Demokrat.az-a istinadla bildirir ki, hadisə bu ilin avqustunda baş verib. Bərdə rayon sakini Ayxan həmin gün, saat 21 radələrində sərxoş olarkən Abşeron rayonu, Xırdalan şəhərində yaşayış kompleksi ərazisində yerləşən dayanacağın yaxınlığında əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, sonradan ayrı qaldığı Aydanla təsadüfən görüşüb.
Bu zaman Ayxan Aydana yaxınlaşaraq söhbət əsnasında onunla yenidən birlikdə yaşamaq istədiyini söyləyib. Aydanın buna razı olmadığını bildirdikdə isə onun üzərinə hücum edib.
Ayxan əvvəlcə qəsdən Aydanın sifət, baş nahiyələrindən yumruqla zərbələr vurub. Sonra onu əlləri ilə arxaya itələyib. Bu vaxt Aydan arxada olan dəmir maneəyə bərk çırpılıb.
Hadisəni törədən Ayxanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bir il olar Aydan ilə qeyri rəsmi ər-arvad münasibətində yaşayır: “Təxminən hadisədən 3 ay əvvəl aramızda olan narazılıqlardan sonra Aydan məndən ayrıldı. Bundan sonra Aydanla dəfələrlə barışmağa cəhd etsəm də, lakin buna etiraz etdi. Aydan əsasən mənim ailəli olduğumu bilib və buna görə də mənimlə barışmaq istəməyib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 21 radələrində təsadüfən Xırdalan şəhərində yaşayış kompleksininin girişində dayanacaqda Aydanla rastlaşıb:
“Aydana yaxınlaşaraq onunla barışmaq istədiyimi dedim. Ondan barışmağını tələb edərək gələcəkdə nikaha daxil olacağımı bildirdim. Lakin Aydan mənimlə razılaşmadığı üçün əsəbiləşdim. Onun sifət nahiyəsindən bir dəfə şillə ilə zərbə vurdum. Ətrafda olan tanımadığım şəxslərin yaxınlaşaraq bizi aralaşdırmaq istədiyini gördüm və özüm aralaşaraq oradan getdim. Sonradan bildim ki, Aydan məndən şikayət edib”.
İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, Ayxanla tanış olandan sonra qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlayıblar: “Təxminən hadisədən üç ay əvvəl Ayxanın ailəli olduğunu bildim və ondan ayrıldım. Bundan sonra Ayxan dəfələrlə zəng edərək barışmaq istədiyini desə də, onunla razılaşmadım, barışmaq barədə təklifindən qəti surətdə imtina etdim”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 21 radələrində Xırdalan şəhərində dayanacağa tərəf gedərəkən təsadüfən Ayxanla rastlaşıb və həmin vaxt sərxoş vəziyyətdə olub: “Gecə yataqxanada qalmaq üçün məndən 5 manat istədi. Mən yaxınlıqda olan “Bravo” marketdən 5 manat pul kartımdan çıxardım və geri qayıdanda Ayxanın dayanacaqdan bir qədər aralıda yolun kənarında dayandığını gördüm. Ona yaxınlaşaraq 5 manat pulu verdim və getmək istədim. Ayxan pulu məndən alandan sonra uca səslə mübahisə etməyə başladı və nəyə görə ondan ayrıldığımı soruşdu. Ayxanın sərxoş olduğunu gördüm və ondan aralaşmaq istədim. Lakin Ayxan buna imkan vermədi. Ayxan mənimlə mübahisə etdiyi vaxt ətrafda olan tanımadığım şəxslər yaxınlaşdı və mübahisəyə müdaxilə etmək istədilər. Bu zaman Ayxan 3 dəfə yumruqla sağ göz nahiyəmdən, təpiklə sol ayaq nahiyəmdən zərbələr vurdu. Zərbənin təsirindən kürəyim və sol qolum yolun kənarında olan dəmirə dəydi. Bu zaman dayanacaqda olan tanımadığım şəxslər məni Ayxanın əlindən aldı və məni döydüyünə görə ona öz iradını bildirdilər. Halım pisləşdiyi üçün tanımadığım şəxs köşkdən su alaraq mənə verdi. Ayxan öz aqressiv hərəkətləri ilə yenə də üstümə hücum çəkdi və məni vurmaq istədi. Lakin ətrafda olan tanımadığım şəxslər onu kənarlaşdırdılar. Ayxan gedəndən sonra dayım oğluna zəng etdim. Ona Ayxanın məni döydüyünü bildirdim və halım pis olduğundan mənə köməkilk etməyini xahiş etdim. Bir neçə dəqiqə sonra dayım oğlu yanıma yaxınlaşdı və mənim döyülmüş vəziyyətdə olduğumu gördü. Özümə gələndən sonra polis idarəsinə yaxınlaşdım və hadisə barədə ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayxan aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.