“Müğənnilərin şəklini çəkib rəhbərliyə...” - Elgiz Əkbər
    • 12-12-2023, 13:17
    • 298

“Müğənnilərin şəklini çəkib rəhbərliyə...” - Elgiz Əkbər

Müğənni Nura Suri telekanalların müğənnilərə açıq geyinməyi qadağan etdiyini iddia edib.

Onun sözlərinə görə, telekanallarda məşhurların, müğənnilərin, aparıcıların geyimi ilə bağlı senzura yaranıb. Bir çox telekanal açıq-saçıq geyimdə gələn qonaqları geri çevirir.

News24.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan ARB telekanalının aparıcısı Elgiz Əkbər bildirib ki, onlara heç kəsin “qara siyahı”da olduğu deyilməyib və müğənnilərin geyimi ilə bağlı hər hansı qadağaya rast gəlməyib:

“Mən belə bir şeylə qarşılaşmamışam, amma hər bir halda, efirə gələn müğənni bir az məsuliyyətli olmalıdır. Yəqin ki, bəziləri əndazəni aşdığı üçün belə bir qərar verilib. Bu barədə məlumatlı deyiləm. Hər bir kanalın öz konsepsiyası var, yəqin ki, kanal rəhbərliyi, bədii şura bu barədə məsləhətləşib, qərar veriblər ki, filan müğənni aşırı dərəcədə çılpaqdır və nəticədə onu efirdən çıxarıblar, bu, mümkündür. Lakin bu barədə rəsmi qayda qarşıma çıxmayıb. Bu barədə mənə heç bir şey deyilməyib. Yenə deyirəm, gərək müğənnilər özləri məsuliyyətli olsunlar. 

Nura Suri bu haqda özü danışsa, faktı açıqlasa, daha yaxşı olar. Çünki bizə bu haqda bir məlumat deyilməyib. Müğənnilər onsuz da dekolteli geyimlər geyinirlər, heç kəs bu barədə onlara qadağa qoymur. Mənə də hər hansı məşhurların siyahısı verilməyib ki, filankəslər açıq-saçıq geyinir və efirə buraxılmasın. Belə bir şey yoxdur, mənə bunu deyən olmayıb”.

MTV telekanalının aparıcısı Tarix Əliyev (Tolik) də belə halla rastlaşmadığını qeyd edib. O, bu cür söz-söhbətlərin qeyri-ciddi olduğunu deyib:

“Nura Suri bunu deyə bilər, amma bu tip qadağalar bizim telekanala aid deyil, düşünürəm ki, belə bir qadağa heç bir telekanalda yoxdur. Onu bir ARB edib deyə iddia edirlər, guya efirə gələn müğənnilərin şəklini çəkib rəhbərliyə yollayırlarmış. Mən müğənni ilə işləsəm, efirə gələn qonağı hansı kanal geri qaytara bilər? Kim deyər ki, get filan şeyi geyin? Bunlar hamısı boş şayiələrdir. 

Hansı kanal qapısına gələn müğənninin şəklini çəkib kiməsə atar, sonra da deyər ki, geyimin xoşumuza gəlmədi, sən geri qayıt? Belə edilən yerə gedən müğənni birinci özünə hörmət etmir. Bəlkə də xanım aparıcılara qarşı bu ola bilər, məsələn, geyimlərinə diqqət etmələri tapşırılar, amma müğənnilərə qarşı belə bir şey etməzlər. Belə olsa, özünə hörmət edən heç bir müğənni həmin telekanala getməz. 

İnsanların zövqünə kimsə qarışa bilməz. Belə olsa, həmin müğənni də deyə bilər ki, onda sən də efirdə sponsorlarından danışma, yaxud efirdə kişi sponsor oturmasın, mənim xoşuma gəlmir. Belə şeylər qeyri-ciddidir. Bu haqda heç bir kanaldan eşitməmişəm”.