Dollara tələbat niyə artıb? - Ekspert səbəbləri AÇIQLADI
    • 15-12-2023, 12:22
    • 484

Dollara tələbat niyə artıb? - Ekspert səbəbləri AÇIQLADI

Dollara tələb artmaqda davam edir. Son 2 günün hərraclarında 140 milyon dollara satılıb. Bütövlükdə isə, Mərkəzin Bankın dekabrın ilk yarısında təşkil etdiyi son 4 hərracda 279,9 milyon dollarlıq sifariş yaranıb.

News24.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Vüqar Bayramov qeyd edib ki, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır:

"Dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Mart, avqust və dekabr aylarında dollara mövsümi səbəblərdən tələb yüksəlir. Hərracların keçirilməsi mütəmadiliyi ilə bu tələbin daha çevik tənzimlənməsi mümkündür".

Millət vəkili əlavə edib ki, dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib:

"Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Qumral