Oskarlı rejissor BAKIDA - FOTO
    • 10-04-2019, 10:36
    • 1 187

Oskarlı rejissor BAKIDA - FOTO

Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun 100 illik yubileyi çərçivəsində Nizami Kino Mərkəzində emalatxana rəhbəri, həmin institutun professoru, rejissor, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatı, “Oskar” mükafatı laureatı, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Vladimir Menşovla görüş keçirilib.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əməkdar incəsənət xadimi, kinoşünas, kinorejissor Ayaz Salayev qonağı təqdim edərək onun yaradıcılığının əsas mərhələlərindən bəhs edib. Rejissorun “Moskva göz yaşlarına inanmır” filmi (1979) Amerika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası tərəfindən 1981-ci ildə ən yaxşı xarici dildə film kateqoriyasında “Oskar” mükafatına layiq görülüb.
Vladimir Menşov Bakıda anadan olub. O, həyatının Bakı dövründən danışıb. Bakının ən mərkəzində - Qala divarlarının və Qız Qalasının yaxınlığında yaşadığı illəri xatırlayıb. Sonra onun ailəsi Neftçilər prospektində yeni mənzilə köçüb. Məktəbin birinci sinfinə də Bakıda gedib.

Bakılı tamaşaçılarla görüş sual-cavab formatında davam edib. V.Menşov zaldan ona yazılı şəkildə çatdırılan tamaşaçı suallarını cavablandırıb. Görüş iştirakçıları onun filmlərinin fraqmentlərinə də baxıblar.
Qonaq fəaliyyəti, özü və Bakı tamaşaçısına yaxşı məlum olan filmləri barədə danışıb. O, 1961-ci ildə Moskva Bədii Akademik Teatrının studiya-məktəbinə daxil olub, 1965-ci ildə V.Nemiroviç-Dançenkonun adını daşıyan bu təhsil ocağını bitirib. 1970-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq aspiranturasını (Mixail Rommun emalatxanası) başa vurub.

Menşov 1971-ci ildə Aleksey Saxarovun “Öz yerində olan adam” filmində baş rolu oynamağa razı olur. Həmin roluna görə ilk mükafatını – 4-cü Almatı Ümumittifaq Kinofestivalında alır. O vaxtdan rejissorlardan uzun müddət təklif gözləməyən sənətkar filmlərə ən çox çəkilən aktyorlardan birinə çevrilir.

Sənətkar bir müddət sonra özü üçün belə qənaət hasil edir ki, aktyorluq onun hobbisidir, həyatının əsas məqsədi isə rejissorluqdur. Onun “Məhəbbət və göyərçinlər” filmi heç də “Moskva göz yaşlarına inanmır” ekran əsərindən az uğur qazanmır. Onu izləyən kino tamaşaçısının yenidən aşiq olmasını söyləmək artıqdır. Bu ekran əsəri xarici ölkələrdə də böyük nailiyyət qazanıb: İspaniyada keçirilən komediya filmləri festivalında “Məhəbbət və göyərçinlər” filmi əsas mükafata layiq görülüb.

Rejissorun üzərində işlədiyi son ekran əsəri “Böyük vals” adlanır.