“Saxta spirtli içkilər korluğa səbəb ola bilər” — XƏBƏRDARLIQ
    • 26-12-2023, 20:29
    • 243

“Saxta spirtli içkilər korluğa səbəb ola bilər” — XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində saxta spirtli içkilərlə bağlı vətəndaşları diqqətli olmağa çağırıb. Qeyd edilib ki, bayram ərəfəsində qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir: “Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd faktlarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, əhalinin də bu məsələyə ciddi yanaşması və diqqətli olması vacibdir”, məlumatda bildirilir. 

News24.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, spirtli içki bazarının bərbad vəziyyətdə olduğu hələ 4 il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açıqlandı:

“Məlum oldu ki, ən bahalı restoran və kafelərdə saxta spirtli içkilər verilir. Bahalı brend içkilərin şüşələri saxlanılır, işbazlar tərəfində yığılır, naməlum, orqanizmə ziyanlı mayelərlə doldurulur və yenidən həmin iaşə obyektlərinə verilir. Təbii ki, bu məsələdə işbazlarla obyekt sahibləri əlbirdirlər. Təəssüf ki, bu iş üzrə araşdırmalar mütəmadi deyil, illərdir bu sahədə problem yaşanır”.

Ekspert bildirib ki, Azərbaycanda standartlara uyğun spirtli içki istehsalı da var:

“8 il bundan öncə Fransanın cənubunda iştirak etdiyim konqresə gələn nümayəndələr özləri ilə spirtli içkilər də gətirmişdilər. Mən də “Gəncə Şərab - 2” ASC-nin şərabını aparmışdım. Qayıdandan sonra mənə rəsmi məktub gəldi ki, “Gəncə Şərab - 2” qızıl medala layiq görülüb. Məlum oldu ki, bu marka həqiqətən də yüksək keyfiyyətli şərab istehsal edir. İnsanlar düşünürlər ki, şərabı nə qədər çox saxlasalar dadı, keyfiyyəti bir o qədər yaxşı olar, kökündən yanlış məlumatdır. Uzun müddət saxlanılan şərablar xüsusi böyük çəlləklərdə müəyyən edilmiş temperaturda, xüsusi işıq rejimində saxlanılır. Şərab 6 ay, konyak 3 il, araq 1 ildən çox saxlanılmamalıdır. Monitorinq aparsaq görərik ki, Azərbaycanda istehsal edilən spirtli içkilərin əksəriyyətinin üzərində saxlanma müddəti yazılmır, vaxtı keçmiş məhsullar satılır”.

E.Hüseynov onu da qeyd edib ki, harada, necə istehsal olunduğu bilinməyən içkilər insanı zəhərləyə bilər, tədricən kor edə bilər:

“Çünki spirtli içkilərin, xüsusən də arağın tərkibində sivuş yağları olur, bu da korluğa səbəb ola bilər. Xüsusən qərb zonasında samaqon şərabı içilir, bu ziyanlıdır. İllərlə saxlanılan samaqon şərabının dibinə baxsaq çöküntülərin olduğunu görərik, guya təmizlənmiş içkidir. Qanuni qablaşdırılmış spirtli içkilərin qapağının üzərində aksiz markası olur, bunun üzərində gümüşü zolaqda Azərbaycanın gerbi əks olunmalıdır. Spirtli içki alan zaman aksiz markasına diqqət edilməlidir. Son istifadə tarixinin qeyd olunduğu məhsulları almaq lazımdır.

Bu işdə də ictimai nəzarət olmalıdır. Saxta spirtli işçi istehsalı kimlərinsə gözü qarşısında baş verir, bundan xəbəri olan insanlar var. Onlar aidiyyəti orqanlara məlumat verməlidirlər. Müvafiq qurumlar da nəzarət mexanizmini gücləndirməlidir”.