Polisdən qarlı Bakıda "drift" edən avtobus sürücüsü ilə bağlı AÇIQLAMA
    • 15-01-2024, 15:53
    • 130

Polisdən qarlı Bakıda "drift" edən avtobus sürücüsü ilə bağlı AÇIQLAMA

Ötən gün qarlı Bakının buz bağlamış avtobus parkında sürücünün "drift" etməsi gündəmə gəlmişdi. 

News24.az bildirir ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli ictiami nəqliyyatı idarə edən şəxslərə müraciət ünvanlayıb. 

O, bildirib ki, hadisə qapalı məkanda baş versə də, ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu kimi hallara yol verilməsi qəbuledilməzdir:

"Sosial şəbəkələrdə və mətbuatda avtobus sürücüsünün "drift" etməsi ilə bağlı video görüntüyə aidiyyatı qurum tərəfindən müvafiq açıqlama verilib. Doğrudur, hadisə qapalı məkanda baş versə də, ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu kimi hallara yol verilməsi qəbuledilməzdir. Həmin sürücünün intizamlı olmasını sual altına qoyur. Bütün hallarda ictimai nəqliyyatı idarə edən şəxslər daha intizamlı və öz hərəkətləri ilə digərlərinə nümunə olmalıdırlar. Odur ki, sərnişindaşıma xidməti ilə məşğul olan şəxslərdən bir daha xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər, özlərinin, daşıdıqları sərnişinlərin, eləcə də digər hərətək iştirakçılarının həyatlarını təhlükə altına atmasınlar".