-
- 16-01-2024, 11:51
- 213
İran “MOSSAD qərargahı“na hücum etdi — ÖLƏNLƏR VAR
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən Kürdüstan bölgəsinə zərbələr endirib.
News24.az Demokrat.az-a istinadla xəbər verir ki, məlumatı həm İran mətbuatı, həm də yerli rəsmilər təsdiqləyib.
SEPAH İsrailin "casus qərargahına" hücum etdiklərini bildirib. Zərbələr İsrail-HƏMAS arasında toqquşmanın Yaxın Şərqə yayılması ilə bağlı narahatlıqlar fonunda endirilin.
"Sionist rejimin son vəhşiliklərinə cavab olaraq... İraqın Kürdüstan bölgəsində MOSSAD-ın əsas casusluq qərargahlarından biri ballistik raketlərlə məhv edilib", - açıqlamada bildirilir.
İsrail hökumət rəsmiləri hadisə ilə bağlı açıqlama verməyib.
İran keçən ay Suriyada hərbi müşavir kimi xidmət etmiş yüksək rütbəli komandir də daxil olmaqla üç SEPAH üzvünün öldürülməsinə görə qisas alacağını vəd etmişdi.
Kürdüstanın mərkəzi Ərbilin şimal-şərqində ABŞ konsulluğunun yaxınlığındakı yaşayış massivinə endirilən zərbələrlə yanaşı, SEPAH Suriyada bir sıra ballistik raketlər atdıqlarını və İŞİD də daxil olmaqla İranda terror əməliyyatlarının səbəbkarlarını məhv etdiklərini iddia ediblər.
ABŞ Dövlət Departamenti Ərbil yaxınlığındakı hücumları pisləyib, onları “ehtiyatsızlıq” adlandırıb. Rəsmilər ABŞ obyektlərinin hədəf alınmadığını və ABŞ-dan itkilərin olmadığını bildirib.
"Şimali İraq və Suriyanın şimalını vuran raketləri izlədik. Heç bir ABŞ personalı və ya obyekti hədəf alınmayıb", - Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Uatson deyib.
"Biz vəziyyəti qiymətləndirməyə davam edəcəyik, lakin ilkin əlamətlər bunun ehtiyatsız və qeyri-dəqiq zərbələr toplusu olduğunu göstərir. ABŞ İraqın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir", - o əlavə edib.
İraq Kürdüstan Vilayətinin Baş naziri Məsrur Bərzani Ərbilə hücumin “kürd xalqına qarşı cinayət” olduğunu deyib.
Kürdüstan hökumətinin təhlükəsizlik şurası hücumu “cinayət” kimi qiymətləndirib, Ərbilə endirilən zərbələr nəticəsində ən azı 4 mülki vətəndaşın öldüyünü, 6-nın isə yaralandığını bildirib.
İraq təhlükəsizlik və tibb mənbələri bildiriblər ki, multimilyonçu kürd iş adamı Peşrav Dizayi və onun ailəsinin bir neçə üzvü həlak olanlar arasındadır. Bərzani ailəsinə yaxın olan Dizayi Kürdüstanda böyük daşınmaz əmlak layihələrinə rəhbərlik edən bizneslərə sahib idi.
Raketlərdən biri yüksək rütbəli kəşfiyyat rəsmisinin evinə, digəri isə kəşfiyyat mərkəzinə düşüb və Ərbil hava limanında hava hərəkəti dayandırılıb.
İran keçmişdə də İraqın şimalındakı Kürdüstan bölgəsinə zərbələr endirib və iddia edib ki, bu ərazi İran separatçı qrupları və onun əzəli düşməni İsrailin agentləri üçün meydança kimi istifadə olunur.