Bakıda elektrik enerjisinin verilişində fasilənin səbəbi açıqlandı
    • 12-07-2018, 16:53
    • 1 590

Bakıda elektrik enerjisinin verilişində fasilənin səbəbi açıqlandı

Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.
 
Bu barədə  ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.
 
Onun sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb. 
 
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası- "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir. Onun sözlərinə görə, bu gün saat 16:10 radələrində elektrik enerjisi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttində - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb.
 
""Yaşıl" və "Qırmızı" xətlərdə qatarlar normal qaydada işləyir. Bənövşəyi xəttin iki stansiyasında "Avtovağzal" və "Memar Əcəmi" stansiyası sərnişinlər üçün bağlanıb. Səbəb metroya gələn xətlərdə elektrik enerjisinin olmaması ilə bağlıdır. Tuneldə qatar qalmayıb.  Saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub", - deyə B.Məmmədov vurğulayıb.  
//APA