-
- 17-01-2024, 20:56
- 290
MSK-da MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Yanvarın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən News24.az-a verilən xəbərə görə, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan sədr, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən MDB Baş katibinin birinci müavini Leonid Anfimov Prezident seçkiləri ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib.
Sədr M.Pənahov qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.