“Gənclərin parlaq əsərlər yaradacağına inanıram”- Anar
    • 18-01-2024, 17:30
    • 287

“Gənclərin parlaq əsərlər yaradacağına inanıram”- Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Məktəbdə...” layihəsinin qonağı olub. 

RTV-nin məlumatına görə, görüş paytaxtın 276 nömrəli tam orta məktəbində keçirilib. 

Xalq yazıçısı çıxışında məktəbin və müəllimin şəxsiyyətin formalaşmasındakı rolundan danışıb. ANAR bildirib ki, gənc nəslə vətənpənpərvərliyin aşılanmasında kitab mühüm rol oynayır. O eyni zamanda şəxsiyyəti formalaşdıran amillərdən birinin məhz mütaliə olduğunu qeyd edib. 

Xalq yazıçısı günümüzdə çox istedadlı gənclərin yetişdiyindən danışıb. Əmin olduğunu bildirib ki, yeni nəsil ədəbiyyatımız üçün çox parlaq əsərlər yaradacaq. Qonaq daha sonra 20 Yanvar hadisələrinin xalqın yaddaşında silinməz iz qoyduğunu vurğulayıb. 

ANAR həmçinin çıxışında Vətən müharibəsində qələbəyə həsr olunan bədii əsərlər barədə məlumat verib. Təəssüflə qeyd edib ki, istər sosial şəbəkələr, istərsə də elektron resurslar gənclərin mütaliəyə olan marağını azaldıb. 

Görüş iştirakçılarına tövsiyələrini verən ANAR sonda onların suallarını cavablandırıb. 

Tədbirin sonunda Anar məktəblilərə imzalı kitablarını hədiyyə edərək, xatirə fotosu çəkdirib.

Mehriban Mirzəzadə