Uşaqlarınızı bu xəstəlikdən qoruyun: TƏHLÜKƏLİDİR
    • 29-01-2024, 11:12
    • 128

Uşaqlarınızı bu xəstəlikdən qoruyun: TƏHLÜKƏLİDİR

Dünyada pnevmoniya hallarında yüksək artım qeydə alınır.

News24.az bildirir ki, tibbdə pnevmoniya kimi tanınan sətəlcəm sadəcə ağciyər toxumasının iltihabı deməkdir. Müxtəlif viruslar və bakteriyalar pnevmoniyaya səbəb ola bilər.

Bu xəstəliyi olan bir şəxs narahatlıq, sinə ağrısı, nəfəs alma və tənəffüs çətinliyi hiss edir. Xəstəlik qanda oksigen səviyyəsinin azalması ilə daha ağır nəticələrə səbəb ola bilər.

2023-cü ilin noyabr ayında Çinin milli səhiyyə orqanları bəzi xəstəliklərin, o cümlədən qrip, “Covid” və bəzi bakterial xəstəliklərin artdığını bildirib. Çin mediasına görə, uşaqlara təsir edən pnevmoniya hallarında da artım var.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) araşdırmalar nəticəsində qeyri-adi mikrob və ya xəstəliyin səbəbi aşkar edilmədiyini açıqlayıb. 

Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin “Covid” məhdudiyyətləri dövründə xüsusilə uşaqlarda immunitet çatışmazlığının baş verə biləcəyini qiymətləndirir.

İngiltərə, Fransa, Danimarka və ABŞ kimi ölkələrdə pandemiya qadağaları aradan qaldırıldıqdan sonra qrip və buna bənzər xəstəliklərdə ciddi artımlar müşahidə olunub.

ÜST pnevmoniyanın bütün dünyada uşaq ölümlərinin əsas səbəbi olduğunu vurğulayıb. 

2019-cu ildə beş yaşa qədər uşaqlarda ölüm hallarının 14 faizi sətəlcəm nəticəsində baş verib. Məlumatlara görə, 2019-cu ildə 740 mindən çox uşaq pnevmoniya nəticəsində dünyasını dəyişib.

Teymur MƏMMƏDOV