TƏHLÜKƏ!!! Uşaqları QORUYUN! - Çindən naməlum virus gəlir
    • 25-11-2023, 09:59
    • 567

TƏHLÜKƏ!!! Uşaqları QORUYUN! - Çindən naməlum virus gəlir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində uşaqlar arasında yayılmış naməlum mənşəli pnevmoniya ilə bağlı məlumat istəyib. Bu barədə “Reuters” xəbər verib. ÜST-nin mətbuat xidmətindən bildirilib ki, Çin Milli Səhiyyə Komissiyası sentyabrın 13-də ölkədə tənəffüs yollarının infeksion xəstəliklərinə yoluxma hallarının artdığını bəyan edib. Çin yetkililəri isə bunu anti-COVID məhdudiyyətlərinin götürülməsi və mövsümi qrip virusları ilə izah ediblər.

“ÜST uşaqlarda tənəffüs yollarının yoluxucu xəstəliklərin artması və pnevmoniya epidemiyası ilə bağlı ətraflı məlumat vermək üçün Çinə rəsmi sorğu göndərib”, - təşkilatın bəyanatında deyilir. “The Teleqraf” isə ProMed-ə (dünya üzrə insan və heyvan xəstəliklərinin yayılmasını izləyir) istinadən Çinin şimalında uşaqlarda naməlum pnevmoniya barədə məlumat verib. Nəşrin bildirdiyinə görə, Çin xəstəxanaları xəstə uşaqlarla həddən artıq yüklənib və epidemiya artıq Pekin kimi böyük şəhərlərə keçib.

“The Telegraph” xatırladır ki, 2019-cu ilin dekabr ayının sonunda məhz ProMed-in xəbərdarlığı bir çox həkim və elm adamının diqqətini əvvəllər naməlum olan və sonradan SARS-CoV-2 (COVID-19) adlandırılacaq virusa cəlb etmişdi.

Tayvanın FTV News telekanalı da Pekin və Liaoning xəstəxanalarının xəstə uşaqlarla dolu olduğunu bildirir. “Onlar öskürmür və heç bir simptom yoxdur. Sadəcə, hərarətləri yüksəkdir (qızdırma), çoxlarının ağciyərlərində düyünlər əmələ gəlir”, - paytaxt sakinlərindən biri nəşrə bildirib. Digər Pekin sakini isə deyib ki, indi soyuqdəymə əlamətləri ilə məktəblərə gəlmək qadağandır və baş verən hər şey “dövlət sirri”dir.

Çindən yeni virusmu gəlir? Naməlim pnevmoniya, ağciyərlərdə düyünlər nə deməkdir? Bu arada, Azərbaycanda da uşaqlar arasında qızılca virusu yayılmaqdadır. Hətta virusdan ölüm halı da aşkarlanıb. Qızılca da pnevmoniyaya və digər ağır fəsadlarla nəticələnə bilər. Ölkəmizdə uşaqlar arasında yayılan bu viruslar təsadüfmü?

Bu arada, qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılıb. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar.

Bu barədə TƏBİB-dən verilən açıqlamaya görə hazırda ölkəmizdə yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir: “Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir. TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir.

Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur. Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır.

Əlavə edək ki, qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır".

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Çində yayılan virusla bağlı çox məlumat yoxdur: “Çünki informasiya verilmir. Naməlum mənşəli pnevmoniya o deməkdir ki, bu pnevmoniyanın səbəbi məlum deyil. Yəni törədicisi məlum deyil. Əsas məsələ də onun hansı infeksiya tərəfindən törədilməsidir. Bu yeni infeksiya da ola bilər, yaxud da bakterial bir virus da ola bilər. Ola da bilər ki, bizim bildiyimiz adi xəstəliklərdən biridir. Misal üçün, qrip də pnevmoniya verə bilir, bir az immun sistemi aşağı olan, kiçik yaşlı uşaqlarda pnevmoniya ilə ağırlaşa bilir. İndi bizdə yayılan qızılca xəstəliyinin də pnevmoniya kimi ağırlaşması var. Müəyyən alt pnevmoniyalar da var, onlar da müxtəlif infeksiyalar, viruslar, xlamidiya mikroplazma dediyimiz bakterial infeksiyalar var, onlar tərəfindən törədilir. Bu dəqiqləşdirilib məlumat verilməlidir”.

Tanınmış həkim, professor Adil Qeybulla da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, hazırda pandemiya bitsə də, proses davam edir: “COVID-ə yoluxmalar davam edir. ”Omikron"un mutasiya ştamları yoluxma yaradır. Bunun özü də soyuqdəymə ilə bağlı xəstəliklərin bir qrupunu əhatə edir. Bundan başqa, lokal epidemiyalar-qızılca, su çiçəyi lokal epidemiyalar ayrı-ayrı yerlərdə olur. Koronavirusun dörd forması COVID-19 pandemiyasınadək insanlarda soyuqdəymə xəstəliyi törədirdi. Bundan başqa, qrip, respirator viruslar, adenaviruslar hər il soyuqdəymə törədir və biz bununla rastlaşırıq. Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən 10 amildən biri kimi bizi qarşıda gözləyən qrip pandemiyası göstərilir. Qrip özündə RNT daşıyıcı virusu olduğu üçün mutasiyaya uğrayır. Nə vaxtsa, onun çox mutagen forması COVID 19 kimi bir pandemiya yaradacaq. İspan qripi kimi. Hər an biz yeni pandemiyalarla üz-üzə ola bilərik. Buna hazır olmalıyıq. COVID 19 pandemiyası göstərdi ki, dünya buna hazır deyil. ÜST pandemiya zamanı dünyanı moderator kimi idarə edə bilmədi. Nəticədə qısa müddət ərzində pandemiya yarandı. Hesab edirəm ki, infeksiyanı vaxtında lokallaşdırmaq, dövlətlər arası assosiativ əlaqələri genişləndirmək, zamanında profilaktik tədbirlər görmək, mümkün epidemiyaların qarşısını ala bilər. Heç olmasa ondan az itkilərlə çıxmağı təmin edə bilər"./Türküstan.az/