Dinin siyasiləşdirilmiş formada yayılması təhlükələri müzakirə edilib
    • 16-04-2019, 18:44
    • 556

Dinin siyasiləşdirilmiş formada yayılması təhlükələri müzakirə edilib

Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib.

News24.az-ın xəbərinə görə, QİDK sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəzi qrupların öz maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini və milli-mənəvi dəyərlərin bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilməsi, xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsinin təhlükələri, eyni zamanda, bu istiqamətdəki təhdidlərin qarşısının alınmasında medianın üzərinə düşən vəzifələr barədə danışıb.

O bildirib ki, ölkədə dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideologiyada yetişməsində böyük rol oynayır. Bu məsələdə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə məsuliyyət düşür. Cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuatın önəmli yerə malik olduğunu deyən Komitə sədri əlavə edib ki, ziyalılarımız və jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirməlidir. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum Qafqaz Müsəlmanları İdarəsi və DQİDK ilə bu mövzuda çoxlu sayda tədbirlər keçirib.

O, Azərbaycan jurnalistlərinin dini mövzularla bağlı yazılarda kifayət qədər peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb. Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov vurğulayıb ki, Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər. Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var. Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Qeyd edilib ki, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində mühüm işlər görülür.

Mətbuatda sanballı məqalələrlə çıxış edən müəlliflər tanıyırıq və bu, çox sevindirici haldır. Məqsəd vətəndaşları sağlam dini biliklərlə maarifləndirməkdir. Əgər belə olarsa, zərərli təmayüllər özü aradan qalxacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı jurnalistlərin, ümumiyyətlə bütün cəmiyyətin düzgün dini biliklərə sahib olmasının önəminə diqqət çəkib. O, dövlət təhsil müəssisələrində dini bilikləri ehtiva edən fənlərin tədris olunmasının vacibliyinə toxunub. Dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən sədr müavini bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da bəhs edib.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə dini ideologiyaya Qərbdən və Şərqdən olan təsirlərdən söz açıb, medianın, xüsusilə sosial medianın və elmin roluna toxunub. Medianın müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biri olduğunu deyən İ.Məmmədzadə qeyd edib ki, hər bir ölkədə və bütövlükdə dünyada baş verən hadisələr cəmiyyətə məhz onun tərəfindən və ya onun vasitəsilə təqdim olunur, interpretasiya edilir. Bütün bu məqamlar mətbuatın gücünü dəyərləndirmək məsələsini günbəgün aktuallaşdırır və daha da əhəmiyyətli müstəviyə çıxarır.