Qızılcanın müalicəsində edilən SƏHVLƏR: Antibiotiklər...
    • 9-02-2024, 16:14
    • 485

Qızılcanın müalicəsində edilən SƏHVLƏR: Antibiotiklər...

Son ayların statistikasına nəzər salsaq, uşaqlar arasında qızılcadan ölüm halları artıb. Bu ölümlərə səbəb müalicədə edilən səhvlər ola bilərmi? Ümumiyyətlə qızılcaya yoluxan uşaqlar necə müalicə edilməlidir?

Bu barədə News24.az-a danışan infeksionist Mərdan Əliyev bildirib ki, qızılcaya yoluxan hər 100 nəfərdən 5-də ölüm qeydə alınır:

"Qızılca xəstəliyinin letallığı ümumilikdə 5 faizdir. Bu aşağı göstərici deyil. Hər 100 yoluxandan 5 nəfərdə ölüm qeydə alınır. Bu, ümumdünya göstəriciləridir. Xəstəlikdə düzgün müalicə çox əhəmiyyətlidir. Qızılcaya yoluxan uşaqlara soyuq olmamalıdır. Uşaqlar bol maye qəbul etməli, evdə istirahət rejiminə keçməlidir. Meyvə və tərəvəz qəbul etməyi artırmaq, eyni zamanda yağlı və ətli yeməkləri azaltmaq lazımdır. Uşaqları yemək yeməyə məcbur etmək lazım deyil. Xəstəlik zamanı uşaqlara A və D vitaminləri vermək olar. Lakin xəstəliyin müalicəsi yoxdur. Biz yalnız köməkçi müalicələr edə bilirik". 

Mərdan Əliyev bildirib ki, qızdırmaya nəzarət etmək lazımdır: 

"Qızdırma salıcı vasitələrdən istifadə etmək lazımdır. Qızdırma salıcını nə gec, nə də tez vermək olar. Qızdırma 38 dərəcədən yuxarı olarsa, hərarət salıcı vermək lazımdır. 38 dərəcədə stabil durursa, qızdırma salıcı gərəkli deyil.  Qızılca xəstəliyinin ilkin mərhələsində antibiotiklərin istifadəsinə ehtiyac yoxdur. Qızdrıma 1 həftə davam edərsə və getdikcə qalxarsa, o zaman ikinci infeksiyanın qarşısını almaq üçün antibiotiklərə ehtiyac ola bilər. Xüsusən səpkilərdən sonra 2 gün ərzində qızdırmanın düşməsi gözlənilir. Əgər düşmürsə, xəstəliyin ağırlaşma ehtimalı artır. Bu zaman həkimə müraciət edib ağ ciyərləri və digər orqanları müayinə etmək lazımdır".

İnfeksionist Ləman Qalimova isə əlavə edir ki, qızılcanın konkret müalicəsi yoxdur, yalnız simptomlar müalicə olunur: "Xəstəliyin müalicəsində edilən səhvlərdən biri də qızılcanın ağırlaşdığı zaman antibiotiklərdən istifadədir. Ölüm səbəbləri isə xəstənin immun sistemindən, müalicəyə gec başlanmasından asılı ola bilər. Araşdırmaq lazımdır ki, xəstələr hansı ağırlaşma ilə ölüb". 

Qumral