Arif Paşayevi təbrik etdilər!
    • 15-02-2024, 18:55
    • 191

Arif Paşayevi təbrik etdilər!

Milli Aviasiya Akademiyasının rektoru, fizika-riaziyyət elmləri doktoru, professor, akademik, çox hörmətli  Arif Mir Cəlal oğlu Paşayevin Yubileyi münasibətilə Milli Aerokosmik Agentliyinin kollektivinin  təbriki.

Hörmətli Arif Mir Cəlal oğlu!

Sizi – beynəlxalq miqyasda tanınmış alimi, Azərbaycan elmi elitasının korifeylərindən birini, milli təhsil sistemimizin təkmilləşdirilməsində xüsusi xidmətləri olan təcrübəli pedaqoqu, kosmik sənayenin inkişafi tarixində öz töhfələrini verən təşkilatçını 90 illik şanlı Yubileyiniz münasibətilə təbrik edir, doğma vətənimizin tərəqqisi naminə gənc nəslə bəxş etdiyiniz tövsiyələrinizdə, zirvələri fəth edən tədqiqatçı alimlər ordusunun yetişdirilməsində həyata keçirdiyiniz çoxşaxəli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.

Hörmətli Arif müəllim!

Sadə həyat yolu keçərək cəmiyyətimizdə fəal mövqe tutmağa nail olan, ailənizin ziyalılıq mühitinin şərəfini qorumağı və daha da ucaltmağı elmi yaradıcılıq yolunda tapan, inkişaf strategiyamızı yeni texnologiyaların mənimsənilməsi, innovativ təfəkkürün genişlənməsi meydanında axtaran dahi bir şəxsiyyətlə – Sizinlə bu gün birgə çalışmağımız qürurverici və şərəflidir. 

İstedadlı tədqiqatçılara qüvvət verən diqqət və qayğınız, elmimizin inkişafında təməli qoyulmuş irsi davam etdirərək həyata keçirdiyiniz əməli tədbirləriniz xalqımızın tarixində və taleyində ən əzəmətli xidmətləriniz kimi öz möhtəşəm yerini tutmuş, gənc alimlərin mövqeyini müəyyənləşdirən yeni dünyagörüşün formalaşmasına yol açmışdır.

Elmi əsərləriniz, iqtisadiyyatın müxtəlif sahələrində yerini tapan ixtiralarınız, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların layiq gördükləri təltiflər və mükafatlarınız Sizin zəngin və mənalı ömür yolunuzun həmfikirləri, elm xadimləri üçün bir örnək, yaratmaq arzusu ilə yaşayan gənc nəsil üçün əsil həyat məktəbidir. Bu gün yetirmələriniz təbiət elmlərinin müxtəlif istiqamətləri üzrə fəlsəfə doktorları və elmlər doktorları kimi ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində inamla çalışır, yeni texnologiyaların inkişaf salnaməsində öz töhfələrini verirlər. 

Vətənə və xalqa olan məhəbbətiniz tədqiqatçı alimlərimizin qarşısında duran əhatəli məsələlərin həllində işıqlı yollar açmış, mənalı həyat yolunuzun səhifələri daha da zənginləşmiş, rəhbərlik etdiyiniz bütün kollektivləri daima şərəfləndirmişdir.

Çox hörmətli Arif müəllim!

Sizi – ötən illərin tarixini öz həmkarları, yetirmələri və tələbələri ilə birgə yola salan istedadlı alimi, milli aviakosmik elmi məktəbin banisini, gənclərimizi elmin zirvələrinə səsləyən ziyalını, çoxşaxəli fəaliyyətinin əhatəliliyi ilə seçilən rəhbəri Yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, böyük təşkilatçılıq imkanlarınızı əsirgəmədən həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə uğurlar, xoşbəxt həyat, sevincli günlər, möhkəm cansağlığı arzulayırıq.

Ən səmimi arzularla,

Milli Aerokosmik Agentliyinin kollektivi adından 

baş direktor, professor Natiq Cavadov