İsrail yardım maşınlarına atəş açıb
    • 29-02-2024, 14:22
    • 256

İsrail yardım maşınlarına atəş açıb

Qəzzadakı Kemal Advan xəstəxanasının rəsmisi Reuters agentliyinə bildirib ki, İsrailin yardım maşınlarına atəş açması nəticəsində 50 nəfər ölüb.

News24.az xəbər verir ki, Qətər mərkəzli Əl-Cəzirə televiziyasının xəbərinə görə, İsrail ərzaq yardımı almaq üçün növbə gözləyən insanları güllələdiyini və 77 nəfərin öldüyünü, 250 nəfərin yaralandığını açıqlayıb.

HƏMAS-ın rəhbərlik etdiyi Qəzza Hökumətinin Media Ofisi qeyd edib ki, İsrailin hücumu 70 fələstinlinin ölümünə səbəb olub. Yaralıların vəziyyətinə görə ölənlərin sayının 100-ü keçə biləcəyi bildirilib.

Hücum Qəzza şəhərinin cənubundakı Nablusi qovşağının yaxınlığında həyata keçirilib.

Digər tərəfdən, yerli mətbuatın məlumatına görə, bu gün səhər saatlarında İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığında İsrail ordusunun açdığı atəş nəticəsində bir fələstinli şəhid olub.

İsrail qüvvələrinin Nablusun şərqindəki Beyt Furik qəsəbəsinə basqın etdiyi və fələstinlilərlə qarşıdurmaların yaşandığı bildirilib.

Rəsmi “Vəfa” xəbər agentliyi, basqın zamanı bir gəncin mədəsindən güllə yarası aldığını və daha sonra öldüyünü bildirdi.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən etibarən İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə açdığı atəş nəticəsində ən azı 411 fələstinli ölüb, 4600-dən çox insan isə yaralanıb.

Günel Məlikzadə