Şimali Koreya lideri yeni tankı sınaqdan keçirdi
    • 14-03-2024, 13:08
    • 203

Şimali Koreya lideri yeni tankı sınaqdan keçirdi

Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərə görə, dünən tank qoşunlarının iştirakı ilə real atəş təlimi keçirilib. Bildirilib ki, tanker bölmələrinin döyüş qabiliyyətinin yoxlanılması məqsədi daşıyan təlimdə ölkənin yeni yaradılmış tankı da iştirak edib. Ölkə lideri Kim Çen In yeni tankı şəxsən sınaqdan keçirib.

News24.az xəbər verir ki, Şimali Koreyaya məxsus tankları “dünyanın ən güclüsü” adlandıran Kim yeni tankın zərbə gücündən və manevr qabiliyyətindən çox razı qalıb. Şərh edilib ki, ictimaiyyətə təqdim edilən yeni tank 2020-ci ildə Koreya İşçi Partiyasının 75-ci ildönümü qeyd etmələri zamanı nümayiş etdirilən tankın təkmil versiyası ola bilər.

Qeyd edək ki, Şimali Koreyanın son addımlarının keçən həftə ABŞ və Cənubi Koreyanın bölgədə başlatdığı 11 günlük Azadlıq Qalxanı Təlimindən dərhal sonra atılması diqqət çəkib.

Günel Məlikzadə